“Dövlətlərin tarixində elə şəxsiyyətlər olur ki, onların fəaliyyəti bir dövrün deyil, bütöv bir mərhələnin mahiyyətini müəyyənləşdirir. Bu gün müasir Azərbaycanın inkişaf yoluna nəzər saldıqda aydın görürük ki, əldə olunan nailiyyətlərin, qorunan sabitliyin və qazanılan möhtəşəm uğurların mərkəzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin düşünülmüş, uzaqgörən və qətiyyətli siyasəti dayanır”.
"Unikal" xəbər verir ki, bu fikirləri bu gün Milli Məclisin plenar iclasında millət vəkili Asif Əsgərov çıxışı zamanı bildirib.
Asif Əsgərov qeyd edib ki, ölkə rəhbərinin xidmətlərinin möhtəşəmliyi, ilk növbədə, onun milli maraqları hər şeydən üstün tutan dövlətçilik fəlsəfəsində özünü göstərir. Bu fəlsəfənin əsasında güclü dövlət, rifahlı cəmiyyət və ləyaqətli vətəndaş anlayışı dayanır:
“Sabitlik üzərində qurulan inkişaf modeli, milli maraqlara əsaslanan müstəqil siyasət, güclü iqtisadiyyat və sosial ədalət prinsipləri bu idarəçilik xəttinin əsas sütunlarıdır. İqtisadiyyatın şaxələndirilməsi, regionların inkişafı, müasir infrastrukturun qurulması, sosial rifahın yüksəldilməsi bu siyasətin real nəticələridir. Enerji təhlükəsizliyi, nəqliyyat-logistika layihələri, regional və qlobal əməkdaşlıq platformaları ölkəmizin geosiyasi əhəmiyyətini daha da artırmışdır. Azərbaycan modeli artıq bir çox dövlətlər üçün nümunə kimi qəbul olunur. Bu nailiyyətlər təsadüfi deyil – onlar ardıcıl və sistemli idarəetmənin bəhrəsidir. Məhz bu yanaşma nəticəsində Azərbaycan müstəqil qərarlar qəbul edən, daxili və xarici siyasətini milli maraqlar əsasında formalaşdıran güclü dövlətə çevrilmişdir. Qeyd etməliyəm ki, möhtərəm cənab Prezidentin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Vətəndaşın təhlükəsizliyi, sosial müdafiəsi, layiqli həyat şəraiti və gələcəyə inamı dövlət siyasətinin əsas prioritetlərinə çevrilmişdir”.
Millət vəkili qeyd edib ki, ölkə rəhbərinin tarixə düşən xidmətləri sırasında milli qürurumuzu bərpa edən tarixi Zəfər xüsusi yer tutur: “Ali Baş Komandan kimi göstərdiyi siyasi iradə və qətiyyət nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü təmin etmiş, tarixi ədalət bərpa olunmuşdur. Bu Qələbə yalnız hərbi uğur deyil, güclü liderliyin, milli birliyin və sarsılmaz dövlət iradəsinin təntənəsidir. Bu gün azad edilmiş torpaqlarda aparılan bərpa və quruculuq işləri ölkə rəhbərinin xidmətlərinin davamı kimi çıxış edir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı layihələr, “Böyük Qayıdış” proqramı, yeni yaşayış məkanlarının salınması ölkəmizin gələcəyinin necə planlı və əmin addımlarla qurulduğunu göstərir. Bu torpaqlar artıq keçmişin ağrısını deyil, gələcəyin ümidini ifadə edir, dirçəlişin, sülhün və inkişafın simvoluna çevrilməkdədir. Eyni zamanda, dövlət başçısının beynəlxalq müstəvidə göstərdiyi xidmətlər Azərbaycanın qlobal miqyasda artan nüfuzunda öz əksini tapır. Balanslaşdırılmış və prinsipial xarici siyasət nəticəsində ölkəmiz etibarlı tərəfdaş kimi tanınır, sözünə hörmət edilən dövlətə çevrilir. Bu, dövlətimizin müstəqilliyinin və siyasi iradəsinin bariz göstəricisidir”. Asif Əsgərov vurğulayıb ki, bütün bu reallıqlar bir həqiqəti təsdiqləyir: ölkə rəhbərinin xidmətləri Azərbaycanın bu gününü formalaşdırmaqla yanaşı, onun sabahını da möhkəm təməl üzərində qurur. Bu xidmətlərin arxasında böyük zəhmət, məsuliyyət, xalqa və dövlətə sədaqət, Azərbaycanın gələcəyinə olan sarsılmaz inam dayanır.
Məhz buna görə də bu gün biz yalnız uğurlardan deyil, bu uğurların müəllifi olan Liderin həyat yolundan, onun Azərbaycan xalqına həsr olunmuş fədakar fəaliyyətindən danışırıq. Möhtərəm cənab Prezident xalqın güvəndiyi Lider, çətin anlarda milləti ətrafında birləşdirən, məsuliyyətli qərarları ilə tarix yaradan şəxsiyyətdir. Bu dahi insanın həyat və fəaliyyət yolu bizlər üçün vətənpərvərlik, fədakarlıq və dövlətə sədaqət nümunəsidir. Bu dahi şəxsiyyətin doğum günü təkcə bir şəxsin həyat tarixçəsi deyil, həm də dövlətçilik salnaməmizdə xüsusi məna daşıyan bir gündür. Bu əlamətdar gün yalnız bir təqvim tarixi deyil, müstəqil Azərbaycanın keçdiyi şərəfli yolun, qazanılmış möhtəşəm zəfərlərin, xalq–lider birliyinin və milli qürurumuzun təntənəsidir. Bu gün Azərbaycan xalqı ona - xidmətləri ilə tarix yazmış Liderə - hörmət və ehtiramını ifadə edir. Bu əlamətdar gün münasibətilə möhtərəm cənab Prezidentə möhkəm cansağlığı, uzun ömür, tükənməz enerji, qətiyyətli iradə və ali missiyasında yeni-yeni uğurlar arzulayırıq. Qoy onun rəhbərliyi altında Azərbaycan dövləti daha da qüdrətlənsin, xalqımız daim sülh, rifah və təhlükəsizlik şəraitində yaşasın.
Doğum gününüz mübarək olsun!
Azərbaycan Sizinlə daha güclüdür!
Xidmətləriniz ölkəmizin tarixində əbədi yaşayacaqdır!".