Qeyd edim ki, bir çox aparıcı kadrlarımız - xüsusilə filologiya sahəsində - Türkiyədə təhsil alıblar. Bir dövr Türkiyənin universitet sistemi daha inkişaf etmişdi. Təəssüf ki, bu gün Türkiyə məktəbləri demək olar ki, Azərbaycan təhsil sistemindən çıxıb və onların bərpası istiqamətində ciddi addımlar atılmalıdır. Bu məsələyə xüsusilə Vətən müharibəsindən sonra yaradılmış mühitdə önəm verilməlidir. Digər tərəfdən, biz rusdilli təhsillə bağlı müəyyən çətinliklər yaşayırıq, -müəllim çatışmazlığı və keyfiyyət problemi var. Lakin heç olmasa dil və mentalitet baxımından bizə yaxın olan Türkiyə təhsil sisteminin Azərbaycanda daha geniş təmsil olunması üçün addımlar atılmalıdır".
F. Mustafa qeyd edib ki, bir zamanlar Atatürk məktəbi və digər türk liseyləri çox populyar idi və böyük fayda verirdilər:
"Təəssüf ki, maliyyə çatışmazlığı səbəbindən onların fəaliyyətini davam etdirmək mümkün olmadı. Halbuki bu məktəblər vətəndaşlara alternativ seçim imkanı verirdi - nə ideoloji təzyiq, nə də yad təhsil sistemi - qardaş ölkənin təcrübəsi idi. Əgər biz cəbhədə bir yerdə mübarizə aparırıqsa, məktəbdə, peşə təhsilində və ali təhsildə də birlikdə olmalıyıq və bu istiqamətdə inkişaf etməliyik".