"Azərbaycan və Türkiyə arasında imzalanan yeni sənədi bu gün hər iki qardaş ölkə tarixinin ən şanlı və şərəfli dövrlərini yaşayır. Tarix boyu Azərbaycan və Türkiyə həm sevincli, həm də çətin günlərdə daim bir-birinin yanında olub və Vətən müharibəsi bu birliyi bir daha təsdiqləyib".
Redaktor.az xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov Milli Məclisin plenar iclasında çıxışı zamanı bildirib.
Deputat qeyd edib ki, qəbul edilən sənəd təkcə təhsil sahəsində əməkdaşlıqla məhdudlaşmır, ümumilikdə Azərbaycan–Türkiyə münasibətlərinin bütün istiqamətlər üzrə davamı və daha da möhkəmlənməsi baxımından mühüm töhfədir.
Ceyhun Məmmədov vurğulayıb ki, iki ölkə arasında ali təhsil sahəsində əməkdaşlıq artıq yüksək səviyyədədir və Azərbaycan-Türkiyə Universiteti bu əməkdaşlığın uğurlu nümunəsidir. Onun fikrincə, universitetin fəaliyyətinin genişləndirilməsinə ehtiyac var.
Deputat eyni zamanda peşə təhsili sahəsində əməkdaşlığın gücləndirilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirib:
"Bir müddət əvvəl İlham Əliyev peşə təhsili sahəsində mühüm Sərəncam imzalayıb və bu sənəd yeni bir peşə təhsili müəssisəsinin tikintisini, eləcə də iki peşə təhsili müəssisəsinin əsaslı təmirini nəzərdə tutur. Azərbaycan–Türkiyə əməkdaşlığı peşə təhsili sahəsində birgə fəaliyyətə də ciddi töhfə verəcək".
Çıxışının sonunda Ceyhun Məmmədov Türkiyənin peşə təhsili sahəsində böyük təcrübəyə malik olduğunu vurğulayaraq, yeni peşə standartlarının hazırlanması və tətbiqinin, həmçinin peşə təhsili ilə real əmək bazarı arasında əlaqələrin qurulmasının vacibliyini qeyd edib.
Aminə ŞAHSUVARQIZI