BAKI, 23 dekabr. TELEQRAF
Bakının Nərimanov rayonunda “Baksol” yolu ərazisində 27 yaşlı Cümşüd Cümşüdlünün faciəli ölümündə təqsirli bilinən Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Teleqraf xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrlik etdiyi prosesdə Azər Cümşüdovun vəkili Anar Ramazanov bir neçə vəsatətlə çıxış edib. Onun ilk vəsatəti məhkəmənin iştirakı ilə hadisə yerinə baxış keçirilməsi ilə bağlı olub.
Vəkil məhkəmənin iştirakı ilə keçirilən baxışa Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən mütəxəssisinin də dəvət olunmasını istəyib. Bildirib ki, həmin qurumun mütəxəssislərində hadisə yerini ölçmək üçün cihazlar var: "Ölçmə cihazları ilə müəyyən etmək lazımdır ki, həmin ərazidə pozuntular, nöqsanlar olub, yoxsa yox".
Vəkilin ikinci vəsatəti isə aidiyyəti qurumlara sorğu göndərilməsi ilə bağlı olub: "Biz ilk olaraq həmin ərazidə Bakı Su Kanal İdarəsi və yaxud hazırda ləğv edilmiş keçmiş Su İdarəsinin iş aparıb-aparmadığını müəyyən etməliyik. Bunu müəyyən etdikdən sonra həmin şəxs məsuliyyətə cəlb olunmalıdır. Bununla bağlı həmin ərazidə hansı qurumun iş görməsini müəyyən etmək üçün Azərbaycan Su Ehtiyyatları Agentliyinə sorğu göndərilməsini istəyirik".
Vəkilin növbəti vəsatəti isə "Baksoll" yolunda su kanallarının keçdiyi ərazidə yerləşən obyektlərin mühafizə zonalarının pozulmasının müəyyən edilməsi ilə bağlı olub. Vəkil bildirib ki, həmin ərazidə bundan əvvəl də onlarca çökmələr olub:
"Buna səbəb isə orada ağır yük maşınlarının mühafizə zolağında hərəkət etməsi, onların orada dayanması ilə bağlıdır. Bu halların qarşısı alınmasa, bundan sonra da çökmələr olacaq. İlkin istintaq zamanı müstəntiq istintaqı düzgün istiqamətdə apararaq həmin ərazidə olan obyektlərlə bağlı araşdırma aparıb, həmin obyektlərin sahiblərini çağırararaq izahatlarını alıb. Amma sonda bu araşdırma dəyişdirilib, bu faktların üstündən keçilib. Buna görə də Azərbaycan Dövlət Su Agentliyinə sorğu göndərilməsini istəyirik. Bundan əlavə təmirlə bağlı hansı qurumun vəsait ayırmasını müəyyən etmək üçün həmin qurumdan maliyyə mütəxəssisi də göndərilməsinin təmin olunmasını xahiş edirik".
Vəkilin növbəti vəsatəti isə Daxili İşlər Nazirliyinin Təhlükəsizlik Şəhər Kameralarından hadisə baş verən ərazidən görüntülərin əldə olunması ilə bağlı olub: "Çökmə baş verən ərazidə Azər Cümşüdov çəpərləmə aparıb, dayanaqlı nişanlar qoyub. Ərazini lentə alıb və ağır lesalar da qoyulub. Bu işləri görəndən sonra həmin ərazinin fotolarını çəkib və işin votsap qrupuna atıb. Həmin fotoları qrupda rəhbərliyi də görüb. Amma sonradan həmin ərazidən həmin çəpərləmə kimlər tərəfindənsə sökülüb.
Deyirlər ki, lentləri külək aparıb. Amma dəmir dayaqları, ağır lesaları küləyin aparması mümkün deyil. Biz düşünürük ki, həmin çəpərləmə orada olan obyektlərin sahibləri tərəfindən, onların göstərişləri ilə fəhlələri tərəfindən sökülüb və götürülüb. Bu halların müəyyən etdikdən sonra kimlərin günahkar olduğu müəyyən olunacaq.
İş materiallarında yalnız hadisə baş verən anın görüntüləri mövcuddur. Biz istəyirik ki, Təhlükəsizlik Şəhər Kameralarından 2025-ci ilin mayın 15-dən iyunun 26-a kimi olan müddət ərzində davamlı görüntülər əldə edilsin. Həmçinin həmin ərazidə olan obyektlərin təhlükəsizlik kameralarının görüntülərinln alınması və işə əlavə olunmasını istəyirik. Həmin görüntülərdən də müəyyən olunacaq ki, Azər Cümşüdov öz işini görüb".
Hakim elan edib ki, hazırkı mərhələdə mütəxəssislərin dəvət olunması ilə bağlı sorğuların göndərilməsi və hadisə yerinə məhkəmənin iştirakı ilə baxış keçirilməsi barədə vəsatətlər müzakirəyə çıxarılmır. Qeyd olunub ki, hər iki vəsatətə sənədlərin tədqiqi mərhələsində baxılacaq.
Digər vəsatətlər - hadisə yerinin görüntülərinin Təhlükəsizlik Şəhər Kamerasından alınması və obyektlərdəki kameraların görüntülərinin işə əlavə olunması, həmçinin həmin ərazidə hansı qurumun iş aparılması ilə bağlı Azərbaycan Su Ehtiyyatları Agentliyinə sorğu göndərilməsi ilə bağlı vəsatətlər müzakirə edilib.
Təqsirləndirlilən şəxsin vəkili tərəfindən qaldırılan vəsatətlərin təmin olunmasını istəyib. Zərərçəkmiş Cümşüd Cümşüdlünün hüquqi varisi, anası Fəridə Abbasova və onun vəkili Mədinə Zeynalabdin vəsatətlərə etiraz etməyiblər.
Dövlət ittihamçısı Çoşqun İsmayılov isə bildirib ki, müzakirəyə çıxarılan vəsatətlərin də sənədlərin tədqiqi mərhələsinə aiddir. O, vəsatətlərin təmin olunmamasını istəyib.
Hakim isə hər iki vəsatəti təmin edib.
Daha sonra məhkəmə istintaqı başlanıb və dövlət ittihamçısı Çoşqun İsmayılov ittiham aktını elan edib. İttihama münasibət bildirən təqsirləndirilən şəxs özünü təqsirli bilməyib.
Növbəti proses yanvarın 15-də davam edəcək.
Qeyd edək ki, bu il iyunun 26-da paytaxtın Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 20/90 ünvanının qarşısında "Baksol yolu" ərazisində yolun çökməsi nəticəsində kanalizasiya sularının axdığı kanala düşərək ölən 27 yaşlı Cümşüd Cümşüdlü ilə bağlı başlanan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Baş vermiş hadisə ilə bağlı Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdov cinayət məsuliyyətinə cələb edilib. Onun barəsində başqa yerə getməmək haqda qətimkan tədbiri seçilib.Xatırladaq ki, ailənin yeganə övladı olan Cümşüd Cümşüdlünün meyiti hadisədən iki gün sonra - iyunun 28-də Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən kanalizasiya sularının təmizləmə anbarından tapılıb.
Təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq) ittiham irəli sürülüb.
Xatırladaq ki, Cümşüd Cümşüdlü "Sab Azərbaycan"nın əməkdaşı olub