“Bakı–Xankəndi” Azərbaycan velosiped yarışının Təşkilat Komitəsinin iclası baş tutub.
90deqiqe.Az xəbər verir ki, tədbirdən əvvəl media nümayəndələri üçün Respublika Velotrekində mediatur təşkil olunub.
İclas Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) vitse-prezidenti Sahib Ələkbərovun sədrliyi ilə keçirilib. Komitə üzvlərinə turnirə hazırlıq işləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, yarış 5 mərhələdən ibarət olacaq və velosipedçilər 21 şəhər və rayonu əhatə edəcəklər.
İclasda həmçinin turnirin loqosu təqdim olunub. Sonsuzluq işarəsi formasında hazırlanan loqo üç variantda nümayiş etdirilib.
S. Ələkbərov yarışın mürəkkəb olacağını bildirib və təhlükəsizliyin tam təmin ediləcəyini vurğulayıb. O qeyd edib ki, turnir Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyasına daxildir, 21 komanda iştirakını təsdiqləyib, əlavə olaraq 20-yə yaxın komanda da iştirak üçün müraciət edib. Yanvar ayına qədər bir çox məsələnin həllini tapacağı nəzərdə tutulur.
Qeyd edək ki, “Bakı–Xankəndi” yarışının keçiriləcəyi tarix 10–14 may 2026-cı il təşkil olunub.