Dekabrın 22-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq şairi Fikrət Qocanın 90 illiyinə həsr olunan konsert proqramı keçirilib.
Publika.az xəbər verir ki, tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Fərid Cəfərov Fikrət Qocanın yaradıcılığı barədə məlumat verib.
Mədəniyyət nazirinin müavini qeyd edib ki, şairin yaradıcılığının əsas xətti vətən, vicdan və insan taleyi mövzularıdır.
“Prezident İlham Əliyevin “Fikrət Qocanın 90 illiyinin qeyd edilməsi haqqında” Sərəncamı ədəbiyyata göstərilən yüksək diqqət və qayğının bariz nümunələrindən biridir. Fikrət Qocanın əsərlərinin dilinin sadəliyi və məzmununun dərinliyi onu oxuculara sevdirən əsas cəhətlərdəndir”, - deyə F.Cəfərov əlavə edib.
Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı-dramaturq İlqar Fəhmi vurğulayıb ki, şeirlərinə bu qədər çox mahnı bəstələnən ikinci şair demək olar ki, yoxdur.