Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası dekabrın 22-də davam etdirilib.
Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclası təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilir.
D.Babayan çıxışında ittiham tərəfinin çıxışında bildirdiklərinə əks dəlillər səsləndirib. O, təqsirləndirilən şəxslərin günahsız olduğunu deyib. “Mən özümü heç bir maddə ilə günahkar hesab etmirəm”.
Təqsirləndirilən Levon Mnatsakanyan isə deyib: “Qarabağ (qondarma rejimi nəzərdə tutur – red.) Ermənistandan onun təhlükəsizliyinin qarantı kimi çıxış etməyi xahiş etdi və bu dövrdən də təmas xəttində bütün əməliyyatlar Ermənistan Respublikasının baş qərargahı (silahlı qüvvələrin baş qərargahı nəzərdə tutulur – red.) tərəfindən hazırlanmış planlara uyğun aparılırdı. Burada məhkəmə iclasları zamanı qeyd etmişdim ki, mən 1992-ci ildə hərbiyə çağırılmışam. Zabit rütbəmi nəzərə alaraq, məni batalyonun komandir müavini təyin etdilər. Bu vəzifəyə təyin edilmək üçün başqa heç bir şey tələb olunmurdu. Lakin ittiham tərəfi iddia edir ki, məni başqa hansısa parametrlərə görə təyin ediblər”.
Təqsirləndirilən şəxs müharibədə onlar tərəfdən muzdluların döyüşməsi barədə ittiham tərəfinin dediklərinə də münasibət bildirib: “Bildiyim qədər onlar muzdlu olmayıblar. Onlar hamısı könüllülər idi və onları heç kəs xidmətə cəlb eləməmişdi, onlara pul verilmirdi”.
O, 2020-ci ildə 44 günlük müharibə zamanı Şuşakənddə hərbi hücumun planlaşdırılmasında iştirak etməsi barədə ittiham tərəfinin dediklərini də inkar edib, ümumiyyətlə 2020-ci və 2023-cü ildə heç bir hərbi əməliyyatda iştirak etmədiyini söyləyib. Təqsirləndirilən şəxs deyib: “Bəli, mən həqiqətən orada (Şuşakənddə müşavirə keçirilən məktəbdə - red.) olmuşam. Lakin mən çox gec, müşavirə başladıqdan sonra gəlmişəm. Müşavirəyə mənim aidiyyətim yox idi. Mən ora dəvət olunmamışdım. Həmin məktəbdəki kabinetdə mən ətraf kəndlərin mülki müdafiə qərargahlarının rəhbərləri ilə mülki müdafiə ilə bağlı məsələləri müzakirə edirdim. Əhalinin oradan təxliyə olunmasını danışırdıq.
Şuşaya hücum hazırlayan silahlı qüvvələrin məsul şəxsi Samvel Babayan idi. Onlar bütün məsələləri müzakirə etdilər. Həmin əməliyyatın vaxtını müəyyən etdilər və çıxıb getdilər. Vaxtı ertəsi gün saat 5-ə təyin etmişdilər. Təşkilatçılar getdikdən sonra iştirakçılar öz narazılıqlarını bildirməyə başladılar ki, hazırlıq işləri tam həyata keçirilməyib, tam hazır deyillər. Onlara vaxt verilməyib ki, bu əməliyyata normal şəkildə hazırlaşa bilsinlər, bu səbəbdən də iştirakdan imtina edirlər. Mən soruşdum ki, nəyə görə onlar bunu indi deyirlər, müşavirə keçirilən vaxt niyə deməyiblər? Onlardan bir cavab ala bilmədim və onların işinə də qarışmadım. Fikirləşdim ki, bu, onların öz işləridir”.
Təqsirləndirilən şəxs 2016-cı ildə baş vermiş Aprel döyüşləri barədə danışarkən həmin vaxt “ordu komandanı” (Ermənistan silahlı qüvvələrinin ən böyük birləşməsinin komandiri – red.) olduğunu deyib. O, Aprel döyüşləri ilə bağlı ittiham tərəfinin dəlillərini və zərərçəkmişlərin dediklərini inkar edib, Azərbaycan hərbçilərinin mövqelərinə hücum etmədiklərini deyib.
Məhkəmə prosesi dekabrın 23-də davam etdiriləcək.
XQ