Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Ötən həftə Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib ki, Azərbaycanda əhali 10 milyard dolları “yastıq altında” saxlayır. Sədr bildirib ki, bu pul ölü kapitaldır və elə etmək lazımdır əhali bu pulları yastıq altından çıxarıb bazara sərf etsin. Ölü kapital iqtisadiyyatda mövcud olan, lakin istehsal prosesində iştirak etməyən, gəlir gətirməyən və ya tam istifadə olunmayan maddi və qeyri-maddi resurslara verilən addır. Bu cür kapital iqtisadi dövriyyədən kənarda qalır və iqtisadi inkişafı ləngidir.
Bəs əhalinin “yastıqaltı pulları” bata bilərmi?
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, "yastıq altındakı" pulları heç kim batıra bilməz: “Bəli, inflyasiya artarsa, həmin vəsaitlərin real dəyəri azala bilər. İnflyasiya olarsa, Azərbaycan hökumətinin bacardığı yalnız budur ki, devalvasiyaya gedə bilərlər və devalvasiya vasitəsilə həmin pulların real dəyərini öldürə bilərlər. Amma hazırda həmin pulların başqa batmaq yolu yoxdur.
Azərbaycan hökuməti nə həmin vəsaitlərin iqtisadiyyata qoyulması üçün şərait yaratmır. İndi 10 milyard olmasa da, 2-3 milyard əhalinin pulu var ki, inflyasiya pulun real dəyərini batıra bilər”-deyə iqtisadçı bildirib.
Taleh Kazımov niyə belə bəyanat verdi?
İqtisadçı bildirib ki, bu bəyanat ona görə verilib ki, bu günlərdə bir populyar rəqəm açıqlandı ki, Ermənistan əhalisi də, Gürcüstan əhalisi də Azərbaycan əhalisindən üç dəfə varlıdır.
Çünki onların banklara qoyduqları əmanətlər Azərbaycan vətəndaşlarının banklara qoyduğu əmanətlərdən üç dəfə çoxdur.
“İndi Taleh Kazımov da dövlət başçısını aldadır ki, bizim əhali əslində varlıdı, amma onlar pulu banka qoymur, yastığın altında gizlədir. Ona görə məhz bizdə rəqəm bu cür alınır. Bu da birbaşa prezidentin aldadılmasıdır, yalandır. İndi siz ətrafımızdakı adamlara fikir verin, görün krediti olmayan neçə nəfər var. Yastığın altında pul olan kimi gedib kredit götürər? Hamı kreditdən asılıdır. Deməli onların yastığı altında heç nəyi yoxdur”-deyə o bildirib.
İradə Cəlil, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.