AZ

İnsanlar çox ət istehlak etdiyi üçün heyvan sayı azalır, qiymət bahalaşır və idxalçılar bazara daxil olur

ain.az bildirir, Bizimyol portalına istinadən.

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 1,97 milyon ABŞ dolları dəyərində 310,33 ton qoyun əti idxal edib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,4 dəfə, kəmiyyət olaraq – 55 % çoxdur. Hesabat dövründə Azərbaycan Monqolustandan 979,6 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 23 % çox) 244,7 ton (+23 %), Somalidən 960 min ABŞ dolları dəyərində 46,5 ton, Rusiyadan 19,9 min ABŞ dolları dəyərində (+1 990 dəfə) 19 ton (+1 900 dəfə), Yeni Zelandiyadan 5,23 min ABŞ dolları dəyərində (-55 %) 0,16 ton (-65 %) və Avstraliyadan 0,53 min ABŞ dolları dəyərində (-68 %) 0,03 ton (-50 %) məhsul alıb. Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Somalidən tədarük həyata keçirilib. 2024-cü ildə Azərbaycana idxal edilmiş 453 ton qoyun ətinin 99,3 %-i Monqolustanın payına düşüb.Azərbaycanın qoyun əti idxalında Monqolustan niyə əsas tərəfdaşdır? Bu idxalın artması yerli istehsala hansı təsirləri göstərə bilər?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, Monqolustanda adambaşına düşən qoyun sayı çoxdur.

Xalid Kərimli

“Azərbaycanda saxlanılan qoyun və keçilərin sayı azalıb. Məsələn; 10 il əvvəl ölkədə 8,7–8,8 milyon baş xırdabuynuzlu heyvan saxlanılırdısa, bu gün bu rəqəm 6,7 milyona düşüb. Eyni zamanda əhalinin sayı və tələbatı artıb. Son 10 ildə ət kəsimi statistikası göstərir ki, əhalinin ətə olan tələbi 25% artıb.

Bir tərəfdən insanlar daha çox ət istehlak edir, digər tərəfdən heyvanların sayı azalır. Bu da qiymət artımına səbəb olur. Qiymətlər bahalaşdıqda, idxalçılar bazara daxil olur, çünki onlar bu vəziyyətdə qazanc əldə edə biləcəklərini düşünürlər. Onlar ya diri heyvan, ya da dondurulmuş ət idxal edirlər. İstehlakçı yerli, təzə məhsula daha çox üstünlük verdiyi üçün ona daha yüksək qiymət ödəməyə hazır olur. Nəticədə, yerli məhsulun bahalaşması idxala marağı artırır.

Bəs niyə Monqolustan qoyun ətini daha ucuz istehsal edə bilir? Çünki Monqolustan qoyunçuluq sahəsində inkişaf etmiş ölkədir. Ərazisi Azərbaycandan 40 dəfə böyük, əhalisi 3 dəfə azdır. Yəni adambaşına düşən qoyun sayı çoxdur və geniş, boş otlaq sahələri mövcuddur. Bu da qoyunların sərbəst otlamasına və aşağı xərc hesabına yetişdirilməsinə imkan yaradır. Monqolustanda qoyunların sayı insanların sayından dəfələrlə çoxdur ki, bu da onu dünya liderləri sırasına çıxarır”, – deyə Xalid Kərimli vurğulayıb.

Günel Həsənova, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
bizimyol.info

1Mənbələr