AZ

Neliberal İnternasional: Avtoritar əməkdaşlıq qlobal qaydaları dəyişir...

Avtoritar əməkdaşlıq yeni dünya nizamını formalaşdırır...

Müəlliflər: Nik Çizmen, Matias Byanki və Cenifer Sir

Foreign Affairs nəşri

Müharibələrarası dövrdə SSRİ-nin rəhbərlik etdiyi Kommunist İnternasionalının inqilabi, anti-kapitalist partiyalara dəstəyi İkinci Dünya Müharibəsindən sonra kommunizmin yayılmasının təməlini qoymuşdu. Soyuq müharibə bitdikdən sonra ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq nizam bərabərliyi təmin etməsə də, liberalizmi və demokratiyanı təşviq edərək dünyada demokratik keçid dalğalarına təkan verdi. Lakin bu gün sərhədlərarası siyasi əməkdaşlıq avtoritarizmin güclənməsinə xidmət edir. Tərəfdaşlıq qarışıq avtoritar və qeyri-liberal hökumətlərdən, anti-sistem ən çox sağc partiyalar və özəl aktorların koordinasiyasından ibarətdir.

Bu aktorları siyasi spektrdəki mövqeləri deyil, demokratik institutlara və liberal dəyərlərə münasibət birləşdirir. O cümlədən icra hakimiyyətinə məhdudiyyətlər, vətəndaş azadlıqları zəmanəti və hüququn aliliyi ortadan qalxır. Tarixi demokratik ölkələrdə qeyri-liberal liderlərdən, məsələn, ABŞ prezidenti Donald Trampdan tutmuş, tam avtoritar rəhbərlərə, məsələn, Belarus prezidenti Aleksandr Lukaşenkoya qədər, onların hamısı hakimiyyəti personalizə etməyə, balans və nəzarət sistemlərini zəiflətməyə və hesabatlılığı azaltmaq üçün dezinformasiyadan istifadə etməyə hazırdır. Bu, siyasi plüralizmi dağıdır, opponetləri delegitimləşdirir, vətəndaş hüquqlarını məhdudlaşdırırlar. Resursları birləşdirərək, dezinformasiyanı gücləndirərək və diplomatik səviyyədə bir-birlərini dəstəkləyərək sərhədlərarası qeyri-liberal şəbəkələrdə iştirak edir, bu şəbəkələrin imkan və təsiri isə qlobal balansı avtoritarların lehinə dəyişdirir.

Bu “neliberal internasional”ın ən aydın nümunəsi 2025-ci ilin sentyabrında Pekində ortaya çıxdı: dünyanın üç ən diqqət çəkən avtoritarı Çin lideri Si Tsinpin, Şimali Koreya rəhbəri Kim Çen InRusiya prezidenti Vladimir Putin iqtisadi və təhlükəsizlik sahələrində yaxın əməkdaşlıq edən ölkələrini təmsil edərək liberal norma və prinsiplərə meydan oxudular. Lakin bu sammit yalnız buzdağının görünən ucu idi. 2024-cü ildə Amerikanın qeyri-kommersiya təşkilatı Action for Democracy-nin nəşr etdiyi Avtoritar Əməkdaşlıq İndeksi 45 minə yaxın yüksək səviyyəli görüş, media tərəfdaşlığı və digər koordinasiya epizodlarını qeydə almışdı.

Bu arada demokratik ölkələr arasında əməkdaşlıq zəifləyir. XX əsrdə Qərbin demokratiyaya dəstəyi bəzən mənafelərə uyğun və ardıcıl olmasa da, yüksək səviyyədə siyasi liberalizasiyaya stimul verirdi. Soyuq müharibədən sonra yardım, ticarət və diplomatik imkanlar demokratik islahatları mükafatlandırır, repressiyaları izolyasiya edirdi. Lakin liberal nizam institutları təsirini itirdikcə demokratik alyansın enerji, maliyyə və imkanları azalıb. Keçmişdə demokratiyanı dəstəkləyən bəzi ölkələr, ən çox da ABŞ Tramp dövründə qeyri-liberal şəbəkələri legitimləşdirir və ya onlara dəstək verir. Hətta demokratiyaya sadiq qalan ölkələr də daha ehtiyatlı olub, yalnız müdaxiləyə qarşı tədbirlər görür, lakin aktiv olaraq qeyri-liberal rejimlərə qarşı çıxmır.

Avtoritar və demokratik şəbəkələr arasındakı imkan fərqi böyüdükcə, avtoritar idarəetməni dəstəkləmək asanlaşır, demokratik geriləməni dayandırmaq isə çətinləşir. Bu, yalnız siyasi hüquq və vətəndaş azadlığına qayğı göstərənləri deyil, bütün dünya ictimaiyyətini narahat etməlidir. Avtoritar dövlətlər demokratiyalara nisbətən daha çox konflikt, qeyri-sabitlik və repressiya ilə müşahidə olunur və inklüziv inkişafda zəif nəticələr göstərir. Bu, dünyanın daha az təhlükəsiz, az azad və daha az firavan bir yerə çevrilməsinə səbəb olur. Demokratik koordinatorlar avtoritar şəbəkələr qədər cəsarətli və effektiv olmadıqca, avtoritarizmin yayılması davam edəcək.

Dünyanın avtoritarizm üçün təhlükəsiz mühiti

Liberal demokratiya yox olmaqda davam edir. Dünya artıq bir dörddəbir əsrdir demokratik tənəzzül dövründədir: Varieties of Democracy (V-Dem) indeksinə görə, 2025-ci ildə 45 ölkə demokratiyadan avtoritarizmə keçib. Yalnız 29 ölkə tam demokratiya hesab olunur.

Tarixi perspektivdə isə vəziyyət daha dəhşətlidir. XX əsrin böyük hissəsində demokratiyalar geriləmədən sonra bərpa olunurdu. Məsələn, Uruqvayda 1933-cü il çevrilişindən sonra demokratiya on ildən az müddətdə bərpa olunmuşdu; Hindistanda 1977-ci il seçkiləri, 1970-ci illərdə Indira Qandi tərəfindən mərkəzləşdirilmiş hakimiyyətdən sonra, mürəkkəb lakin davamlı demokratik bərpası təmin etmişdi. Son onilliklərdə isə belə bərpalar nadir və qeyri-sabit olub. Journal of Democracy-də yayımlanan araşdırmaya görə, 1994-cü ildən 19 ölkə avtoritarlaşma keçirsə də, 17-si beş il ərzində yenidən geriləmə yaşamışdır. Demokratik institutlar zədələnmiş qalır.

Son otuz ilin ən böyük dəyişikliklərindən biri avtoritar və potensial avtoritar liderlər üçün sərhədlərarası dəstək şəbəkəsinin yaranmasıdır. Tarixi nümunələr mövcuddur - 1930-cu illərin faşist oxu, SSRİ tərəfindən dəstəklənən soyuq müharibə şəbəkələri. Lakin 1990-cı illərin əvvəllərindən etibarən yaranan avtoritar alyans forması və məzmununa görə əvvəlkilərdən fərqlənir.

İlk növbədə, bu şəbəkə resurslarla daha zəngin olur. Dünyada demək olar ki, eyni sayda avtoritar və demokratik ölkə var, lakin avtoritarlar daha çox əhalini əhatə edir və zənginləşir. Avtoritar spektrdəki hökumətlər dünya əhalisinin 70%-dən çoxunu təmsil edir. 2022-ci ildə onların ÜDM-dakı payı (alış gücü pariteti ilə) 46%-ə çatıb, 1992-ci ildə isə 24% idi. Bu payın artacağı gözlənilir. Avtoritar dövlətlərin sərhədlərdən kənarda siyasəti manipulyasiya etməyə hazır olması və texnoloji imkanları bu təsiri gücləndirir. Yeni regional “orta güclər”, məsələn, Türkiyə və BƏƏ, avtoritar təsiri daha da artırıb. Soyuq müharibədən sonrakı illərdə yeni regional demokratik təşkilatlar qurulurdusa, son illərdə yeni regional ittifaqlar, məsələn, 2001-ci ildə Şanxay Əməkdaşlıq Təşkilatı və 2023-cü ildə Sahel Dövlətləri Alyansı avtoritar rejimlər arasında yaranıb.

Müasir neliberal internasional Pekin və ya Moskva tərəfindən vahid mərkəzdən idarə olunmur. Bunun əvəzinə, kəsişən şəbəkələr avtoritar dünyanın formalaşması üçün münbit zəmin yaradır. Bu sistemin elementləri, rus özəl hərbi şirkətləri, Körfəz ölkələrinin hökumət fondları, Çin və ABŞ müşahidə texnologiyaları, Avropa və Şimali Amerikadakı ekstremal sağ partiyalar bir-birinə bağlıdır, lakin vahid məqsəd izləmirlər. Lakin fəaliyyətləri bir-birini gücləndirir. Məsələn, Mərkəzi Afrika Respublikası və Mali avtoritar hakimiyyətləri rus özəl hərbi şirkətlərindən təhlükəsizlik dəstəyi alıb, bu şirkətlər isə BƏƏ ilə qızıl ticarətindən maliyyələşdirilib. Eyni zamanda BƏƏ rus hərbçilərindən silah göndərmək üçün istifadə edib. Bu əlaqələr avtoritar nəzarəti gücləndirir.

Əməkdaşlıq müxtəlif formalarda həyata keçirilir. Birbaşa koordinasiya Çin, İran, Şimali Koreya, Rusiya və Venesuela arasında baş verir. Bu ölkələr hərbi kəşfiyyat paylaşır, diplomatik müdafiə təmin edir, BMT-də veto hüququndan istifadə edir, birgə bəyanatlar və müqavilələr vasitəsilə repressiyanı normallaşdırır, hesabatlılığı zəiflədirlər. Sanksiyalara məruz qalan ölkələrə iqtisadi dəstək verərək Qərbin demokratiya təşviqi səmərəliliyini azaldırlar. Rusiyanın rəhbərlik etdiyi KTMT kimi strukturlar avtoritar alternativləri təşviq edir və potensial avtoritar liderlərə mesaj verir ki, avtoritar idarəetmə legitim və dəstəklənən ola bilər.

Bu beş ölkə digər dövlətlərin daxili işlərinə də müdaxilə edir. Rusiya və Çin partiyaları maliyyələşdirir, dezinformasiya yayır, seçkilərə müdaxilə edir. Məsələn, Rusiya Fransa, Moldova, Rumıniya və digər ölkələrdə sosial media, dövlət mediası və kibercasusluq vasitəsilə seçkilərə təsir göstərir. Çin isə Konfutsi İnstitutları, diaspora təşkilatları və dövlət mediası vasitəsilə xaricdə siyasi müzakirələri formalaşdırır, universitetlərdə təzyiq göstərir, jurnalistləri qorxudur, pro-Çin namizədləri dəstəkləyir.

“Orta avtoritar dövlətlər” də hərbi və maliyyə vasitələrindən istifadə edir. Türkiyə Bayraktar TB2 dronlarını müharibədə olan ölkələrə verir, BƏƏ repressiv aktorları dəstəkləyir, Səudiyyə Ərəbistanı isə Misir və digər ölkələrdə avtoritar rejimləri maliyyələşdirir.

Nəliberal layihənin başqa bir elementi ideoloji təsirdir. Qeyri-liberal hökumətlər, siyasətçilər, intellektuallar və vətəndaş cəmiyyəti qrupları demokratiyanın normalarını inkar edən narativlər yayır. Bu narativlər qadın hüquqlarının və LGBT hüquqlarının məhdudlaşdırılmasını təşviq edir. Avropada və ABŞ-da sağ partiyalar bu hüquqları ənənəvi ailəyə, dini azadlığa və milli kimliyə təhlükə kimi təqdim edir, Rusiya və Afrikada isə Qərbin yad praktikası kimi göstərir. Məqsəd isə bir — demokratik institutlara etibar yaratmamaq və Qərbin legitimliyini zəiflətməkdir.

Bu cəhdlər geniş yayılıb. 2023-cü ildən Avropa Xarici Fəaliyyət Xidməti xarici informasiya manipulyasiyası və müdaxilə ilə bağlı illik hesabatlar yayımlayır. 2025-ci ilin mart hesabatı 500-dən çox nümunəni və 38 min kanaldan yayılan dezinformasiyanı analiz edib. Bu kampaniyalar sağçı siyasət və populizm mesajlarını gücləndirir, lakin əsas məqsəd demokratik idarəçiliyə etibarı zəiflətməkdir.

2024-cü ildə Parisdə Eyfel qülləsi yaxınlığında beş tabut nümayiş etdirildi. Fransız hakimiyyətləri bu aksiyanın Rusiyaya bağlı aktorlar tərəfindən təşkil olunduğunu iddia edir. Eyni zamanda, rus mediası “Dublikat” əməliyyatı çərçivəsində Avropa mediasının klon saytlarını yaradıb, pro-Kremlin desinformasiyasını yayır.

Bəzən narativlərin yayılması daha koordinasiyalı olur. 2025-ci ilin fevralında Madriddə Patriots.EU-nun təşkil etdiyi “Make Europe Great Again” mitinqi Avropanın sağçı partiyalarını topladı. CPAC konfransları ABŞ, Macarıstan və Polşada keçirilir, sağçı partiyalar arasında əlaqə və ideya mübadiləsi yaradır.

Çin Kommunist Partiyası afrikalı rəsmiləri demokratiyasız idarəetmənin faydalarını göstərən təlimlər keçirir. İlon Mask isə Twitter/X platformasında sağçı dezinformasiyanı yayaraq ABŞ və xaricdə siyasətə təsir göstərir. Bu, demokratik institutlara etibarsızlıq yaradır və seçici seçimini çətinləşdirir.

Şəxsi əlaqələr də önəmlidir. Məsələn, keçmiş Braziliya prezidenti Jair Bolsonaruya qarşı ittihadlar zamanı Tramp onun müdafiəsinə çıxmış, ABŞ maliyyə nazirliyi isə mühakiməçiyə sanksiya tətbiq etmişdir. Avtoritar əməkdaşlıq bəzən davamlı olmur — Orban və Putin əməkdaşlığı Ukrayna müharibəsi sonrası gərginləşib. Lakin belə əlaqələr hələ də əhəmiyyətlidir, çünki maliyyə, diplomatik müdafiə və xarici legitimlik təmin edir.

Demokratik şəbəkələr əvvəllər üstünlük sahibi idilər: BMT, AB, NATO və digər beynəlxalq institutlar vasitəsilə liberal normalar qorunurdu. Lakin bu üstünlük artıq yoxdur. Demokratik institutların neytrallıq və konsensus prinsipləri qeyri-liberal aktorlara sərhədləri sınamağa imkan verib. Demokratiyanı təşviq etmək üçün cəhdlər zəifləyib.

Demokratik dövlətlər strateji dəyişikliklər etməlidir: narativ üzərində nəzarəti bərpa etməli, demokratik dəyərləri və faydalarını vətəndaşlara çatdırmalı, avtoritar desinformasiyaya qarşı birgə mübarizə aparmalıdır. Maliyyə dəstəyi, müstəqil jurnalistika və vətəndaş cəmiyyəti qorunmalıdır.

Demokratik liderlik müxtəlif olmalı, yeni regionlardan gələn ideyələr və enerjidən istifadə etməlidir. 2025-ci ilin iyulunda Çilidə keçirilən “Democracia Siempre” sammiti belə koalisiyanın nümunəsi olub.

Demokratiya bütün arenalarda mübarizə aparmalı, qlobal səviyyədə qorunmalıdır. Avtoritar şəbəkələrin genişlənməsinin qarşısını almaq üçün demokratik aktorlar çevik, cəsarətli və strateji olmalıdır. Əks halda avtoritar təsir qlobal balansı dəyişdirəcək və demokratik geriləmə davam edəcək.

Poliqon.info

Seçilən
28
poliqon.info

1Mənbələr