AZ

Həmişə görünən adam

Xeyrəddin Qocanın görünən və görünməyən tərəfləri

Ötən əsrin 90-cı illərindən dövri mətbuatda söz adamlarının arasında olduğumdan, çoxlarını tanımışam. Elələri olub ki, “sözdən qala yapan”lara rişxənd ediblər, ələ salmağa çalışıblar. Çünki özləri “başqa yolun yolçusu” olublar: Mənəviyyatdan uzaq. Arxada qalan illərim ərzində Xeyrəddin Qoca kimi söz adamını da tanıdım, həm də satirik qələmi ilə “Molla Nəsrəddin” yolunun sadiq davamçılarından biri kimi.

Kəlbəcərin Ermənistan tərəfindən işğalından sonra Bakıda müvəqqəti məskunlaşdığımız o ağır günlərdə - 1993-cü ilin yazında Bakıda “Azərbaycan” nəşriyyatında iş axtardığım günlərdə adını eşitmişdim. O vaxtlar hələ indiki kimi, satirik qələm adamı olduğunu bilmirdim.

Bir müddət sonra tale məni Xeyrəddin Qoca ilə qarşılaşdırdı. Redaktor məqalənin müəllifi ilə maraqlanmışdı, deyəsən, yazı xoşuna gəlmişdi. Xeyrəddin müəllim harada işləməyimlə maraqlanmışdı. Biləndə ki “Respublika” qəzetinin məsul katiblərindən biri olmuşam, mənimlə görüşüb dedi:

- Bizdə işləyərsən?! Partiyanın qəzetidir də, həftədə bir dəfə çıxır. Düzdür, maaşı ürəkaçan deyil, amma heç olmasa, iş yerin olar.

Doğrusu, mən belə xeyirxaha birinci dəfə idi ki, rast gəlirdim.

Beləliklə, 1995-ci ildən “Yeni Azərbaycan” qəzetinin məsul katibi vəzifəsində işlədim. Bu, mənə yaradıcı bir insan kimi böyük hörmət idi.

Xeyrəddin Qoca, sözün əsl mənasında Heydər Əliyevə bağlı bir adam idi. Yəni Ulu Öndərin Azərbaycana necə hava-su kimi lazım olduğunu həm bizə təlqin etməyə çalışır, bunu həm də qəzetin materiallarının ideya istiqamətinin əsası hesab edirdi. Biz azərbaycançılıq məfkurəsini sevərək, yeni Azərbaycanın qurulması ideyasını təbliğ edirdik. Az keçmədi ki, redaksiya əməkdaşları (Xeyrəddin müəllim əvvəllərdən, YAP yaradılandan bu siyasi təşkilatın Siyasi Şurasının üzvü idi) Yeni Azərbaycan Partiyasının sıralarına keçmək üçün ona müraciət etdik. O isə bu təklif və təşəbbüsü bəyənərək, bizim partiya üzvlüyünə qəbul edilməyimizə vəsilə oldu. Beləliklə, biz YAP Nəsimi rayon təşkilatında qeydiyyata alındıq. Hazırda da YAP Bakı şəhəri Nəsimi rayon təşkilatının nəzdindəyəm.

“Xeyrəddin Qocanın anadan olmasının 75 illiyi ilə əlaqədar “Molla Nəsrəddin” yolu” adlı yeni kitab işıq üzü görüb”

Dövri mətbuatda bu başlıq altında bir sıra xəbərlər xəbərlər dərc edilib. Kitabda akademik İsa Həbibbəylinin “Satirik qələmlə mübariz keşikdə”, “Akademik Nizami Cəfərovun dedikləri”, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Mətbuat tarixi və publisistika şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Gülbəniz Babayevanın “Molla Nəsrəddin” ədəbi məktəbinin layiqli davamçısı”, filologiya üzrə fəlsəfə doktoru Alqış Musayevin “Yazıçı, publisist, diplomat”, şair-publisist Sərvaz Hüseynoğlunun “Siyah içindəymiş sədəf, sən demə...” kimi dəyərli yazıları, eləcə də bir ayrı-ayrı qələm adamlarının fikir, mülahizə və düşüncələri yer alıb.

Məqalələrin hamısında Ümummilli Lider Heydər Əliyevlə Xeyrəddin Qocanın unudulmaz, xoş görüşləri haqqında fikirlər qırmızı xətlə keçir.

Yazıçının 40-a yaxın hekayəsi, “Zamanın rüzgarı”, “Bu da axırı...” adlı pyesləri, səhnələşdirilmiş əsərlərinin afişaları, bəzi tamaşalarından səhnələr, ona həsr olunmuş “Dostluq şarjları”, satirik hekayələrinə çəkilmiş gülüş dolu illüstrasiyalar kitabın məziyyətlərini daha da artırır.

Xeyrəddin Qoca xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ən alovlu təbliğatçılarından və sadiq silahdaşlarından biridir. Xeyrəddin Qoca, Heydər Əliyevin ifadəsi ilə desək, Onun tanımadığı adamlardan biri idi. Heydər Əliyevin tanımadığı adamlardan birincisi olaraq antiəliyev kampaniyasına qarşı öz etiraz səsini ucaldırdı.

Xeyrəddin Qoca Azərbaycan cəmiyyətində ötən əsrin səksəninci illərinin sonu, doxsanıncı illərinin əvvəlində tanınmağa başlayıb. O dövr təlatümü ilə yadda qalıb. Sovet dövrünün xofu yaddaşlardan silinməmişdi. Bəziləri sürətlə cərəyan edən hadisələrin axarını, sabah nə baş verəcəyini aydın təsəvvür etməyərək, mövqelərini bildirməkdən çəkinir, “suların durulmasını” gözləyirdi. Təbii ki, belə mövqesizlik Xeyrəddin Qocadan uzaq idi. Həmin təlatümlü dövrdə - hakimiyyətin dövləti idarə etmək iqtidarında olmadığı, müxtəlif qüvvələrin isə respublikada vətəndaş qarşıdurmasına çəkildiyi bir zamanda ölkənin, xalqın yeganə xilaskarının - Ulu Öndər Heydər Əliyevin Azərbaycanın siyasi rəhbərliyinə dəvət edilməsi təşəbbüsü ilə çıxış edən ziyalılardan biri də Xeyrəddin Qoca idi. O, vətəndaş mövqeyi ilə qələmə aldığı çoxsaylı məqalələrində həm siyasi əleyhdarlarının cavabını verir, həm də uzaqgörən Heydər Əliyevin respublikanı xilas edəcək yeganə rəhbər ola biləcəyi ideyasının təbliğinə özünəməxsus töhfələr verirdi.

Heydər Əliyev haqqında keçmiş İttifaqın və Azərbaycan kommunist mətbuatında yazılan böhtan və iftiralara verdiyi çoxsaylı yazılarına görə müəllif təqiblərə məruz qalırdı. Əvvəlcə Korlar Cəmiyyətinin qəzeti olan “Dan ulduzu”ndakı redaktor vəzifəsindən, daha sonra “Mədəniyyət” qəzetində baş müxbirlikdən uzaqlaşdırılması da bu səbəbə bağlı idi.

Xeyrəddin Qocanın Ulu Öndər Heydər Əliyevə həsr olunmuş silsilə məqalələri hakimiyyətdəkiləri qane etmirdi, buna görə də müxtəlif bəhanələrlə onu işindən uzaqlaşdırırdılar. O, “Sərhəd” qəzetində cəmi 11 gün işləyib. Bu dəfə Xeyrəddin Qoca Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyevdən müsahibə almaq üçün muxtar respublikaya gedib. O, geri qayıtdıqdan sonra sərhəd xidməti rəisinin tapşırığı ilə bu işindən də uzaqlaşdırıldı. “Mozalan” qəzetində redaktor müavini vəzifəsini tərk etməsi də eyni səbəblə bağlı idi.

O dövrü xatırlayanlar unutmayıb ki, 90-cı illərdə onun yaratdığı “Dan ulduzu” qəzeti əldən-ələ gəzirdi. Xeyrəddin müəllimin Heydər Əliyev haqqında olan məqalələrini oxuyanlar təəccüblə bir-birlərindən soruşurdular: “Bu “qurd ürəyi yeyən” adam kimdir”?!

Sadə jurnalist Heydər Əliyevi əsassız hücumlardan qorumaq üçün əlindən gələn hər şeyi etməyə hazır idi və edirdi, bu, hətta onun həyatına və gələcək karyerasına ciddi təhdidlər yaratsa da belə.

Xeyrəddin Qocanın həmin təlatümlü dönəmdə heç nədən çəkinmədən Heydər Əliyevin müdafiəsinə qalxması onun Ulu Öndərə dərin rəğbətinin, inamının və təbii ki, cəsarətinin təcəssümü idi. Dövlət müstəqilliyinin bərpasının ilk illərində çətin vəziyyətdə qalan xalq nicat yolunu Heydər Əliyevin yenidən Azərbaycanın rəhbərliyinə gəlməsində görür və buna israr edirdi. X.Qoca da dərin inamla ön cəbhədə Heydər Əliyevin yanında dayanmışdı...

Xeyrəddin Qoca məhz yazılarında özünü, hisslərini, həyata baxışlarını, vətənpərvərliyini və ziyalılığını daha dolğun və peşəkar şəkildə ifadə edir, - desək, yanılmarıq.

Jurnalist Şahanə Müşfiq Xeyrəddin Qocanın 70 illik yubileyi münasibətilə yazdığı məqaləni “Güldürə-güldürə düşündürən yazıçı” adı altında təqdim edib. “Xeyrəddin Qoca adı çəkilərkən ilk növbədə yada satira, yumor düşür, çünki yazıçı öz etirazını, ağrısını, kədərini, narazılığını məhz gülüş vasitəsilə çatdırır”, - deyə müəllif vurğulayır.

Təbii ki, satira cəsarət tələb edir. Tənqid yazanda “marallar”ın, antipodların xoşuna gəlmirsən, sənə qarşı qısqanclıq hissləri yaranır. Lakin bütün bunlar onu əsla çəkindirmir. O, müxtəlif sosial-ictimai problemləri daha iti qələmlə əsərlərinin mövzusuna çevirir.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Xeyrəddin Qocanın xarakterindəki cəsarəti, qorxmazlığı lakonik şəkildə belə təsvir edib: “Satirik olmaq cəsur olmaqdır, heç nədən qorxmamaqdır. Bu gün həyatımızda olan bir çox nöqsanları görmək və göstərmək cəsarətdir”.

“Xeyrəddin Qoca heç nədən və heç kimdən qorxmur...”

Şair-publisist Əbülfət Mədətoğlunun da bir yazısı diqqətimi cəlb etdi. “Düşündürən və güldürən Xeyrəddin Qoca” başlıqlı həmin məqaləsində müəllif yazır: “Bəri başdan deyim ki, Azərbaycanın, eləcə də mənim əminliklə bildiyim kimi, söz məkanında, mətbuat aləmində onun özünü və imzasını tanımayan yəqin ki, yoxdur.

“Molla Nəsrəddin yolu” adlanan kitab şairimizi xeyli düşündürür. Kitabda Xeyrəddin Qoca haqqında, onun öncə işıq üzü görən kitablarında dərc olunmamış mətbu yazılar toplanıb. Həmçinin ustad barəsində müxtəlif titullu və imzası tanınan söz adamlarının 70 və 75 illik yubiley tədbirləri ilə bağlı fikirləri də yer alıb.

“Öz yeri olan adam”

Bu sərlövhəli məqalə də həmin kitabda yer alıb. Ə. Mədətoğlu qeyd edir: “...Mən AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin kitabda yer alan yazısında xüsusi qeyd etdiyi bir-iki fikri məmnunluq hissi ilə qəbul edirəm. İsa müəllim vurğulayır: “Xeyrəddin Qoca, hər şeydən əvvəl, tanınmış qəzetçi, publisistdir”“.

Yazılı mətbuatı, nəsri, poeziyanı, dramaturgiyanı, bir sözlə, qələm məhsullarını sözün abidəsi kimi ucaldır.

Bu kitabda toplanan materialların hər birində çevrəmizdəki müəyyən hadisələrə satirik baxış və bir də “için-için gülmək” gördüm. Elə o gülüşün bir ipucu da yazıçı Kamran Nəzirlidən gəldi. Çünki Kamran Nəzirli Xeyrəddin müəllimə yazdığı kiçik bir məqalədə fikrini çox yığcam bildirib:

“Allah səni güldürsün, Xeyrəddin!”

Xeyrəddin Qoca hələ “Yeni Azərbaycan” qəzetinin baş redaktoru olarkən bir sıra məmurları, o cümlədən bu gün akademik adına ləkə gətirənləri belə çəkinmədən tənqid atəşinə tuturdu. Yazıçı o vaxtlar hakimiyyətdə lövbər salmış, lakin nə dövlətə, nə də xalqa xeyir verməyib, öz mənsəblərini düşünən bəzi üzdəniraq məmurları, nazirləri tənqid etməkdən çəkinmirdi.

Xeyrəddin Qoca və işlədiyi qəzetin əməkdaşları “çətin günün ömrü az olar” deyiminə tapınaraq, aylarla əməkhaqqı almadan Ulu Öndər Heydər Əliyevin siyasətinin təbliğində can-dildən çalışdıqlarının canlı şahidiyəm.

Ümummilli, ümumxalq əhəmiyyətli məsələlər onu daha çox düşündürürdü. Məsələn, bizim ailənin məcburi köçkün olduğunu bilən X.Qoca həyat yoldaşıma da redaksiyada iş verməklə yurd-yuvasından didərgin salınmış insanların taleyinə biganə olmadğını təsdiqləmişdi. Onun ailəmizin güzəranını yaxşılaşdırmaq üçün etdiyi fədakarlıqları heç vaxt unutmarıq.

Yaxşı xatırlayıram. Qəzetdə respublika Baytarlıq Komitəsinin illik fəaliyyəti ilə bağlı məqalə dərc olunmuşdu. Komitənin sədri redaksiya kollektivini bir gün günorta naharına dəvət etmişdi. Əlimizi süfrəyə uzatmamış Xeyrəddin müəllim komitənin sədrinə üzünü tutub dedi:

- Siz bizim kollektivi başqaları ilə səhv salmısınız. Biz haradansa yazıb, maddi nəsə ummamışıq heç vaxt, təklif edən də olmayıb. Ona görə özümüzü narahat hiss edirik. Bu qonaqlıq əvəzinə, bizim redaksiyada çalışan kəlbəcərli məcbur köçkün ailəsinə maddi dəstək göstərsəydiniz, daha yaxşı olardı...

O, mənə işarə ilə fikrini belə davam etdirdi:

- Bax bu Məhəmməd Kəlbəcərdəndir. Orada da qəzetdə məsul katib işləyib. Ermənilər Kəlbəcərini işğal edəndən didərgin düşüb, Bakıda fəhlə yataqxanalarının birində sığınacaq tapıb. Heç nəyi, hətta bir ağ-qara televiziyası, əl radiosu da yoxdur ki, xəbərləri dinləsin...

Bu hadisədən iki gün keçdi, komitə sədri bizim ailəyə bir rəngli televiziya, antennası, stabilizatoru ilə hədiyyə etmişdi.

Bir sözlə, Xeyrəddin Qoca yığcam olan kollektivimizin hər bir üzvünün şəxsi qayğıları ilə də yaşayırdı. O, dəfələrlə redaksiyaya məqalə gətirən kənar müəlliflərə özünü başqaları kimi aparmırdı. Adlarını çəkmədiyim özündənrazılar mətbuatda da az deyildilər o vaxtlar. Xeyrdəddin müəllim kimi sadə, səmimisini görmədim. Xeyrəddin müəllim əməkdaşlarla bir otaqda əyləşən baş redaktor olub. Heç vaxt öz kabinetində əyləşməz, yazıları da bizimlə birlikdə olduğu ümumi otaqda redaktə edərdi. Redaksiyaya yazı gətirən müəlliflər redaktoru soruşanda onun dedikləri bu gün də yadımdadır:

- Yazı gətirmisiz?! Əcəb eləmisiz! Başqa redaksiyalar dərc eləmədiyi yazıları da mən verirəm qəzetdə. Qəzet məmurların deyil, xalqınkıdır. Biz də xalqa və dövlətimizə xidmət edirik. Burada elə hamı redaktordu. Nə fərqi var kimdi redaktor?! Yazını əməkdaşların birinə verin, narahat olmayın...

Xeyrəddin Qocanın Milli Məclisin üzvlüyünə namizədliyi veriləndə istədi ki, redaksiya əməkdaşları təbliğat kampaniyasına qoşulsun. O, buna qəti etiraz etdi. Çünki özünün imzasına güvənirdi.

Xeyrəddin Qoca bir gün iş yerinə “qaranəfəs” gəldi. Bir az da əsəbi idi, sanki. Milli Məclisin üzvü olan Xeyrəddin Qoca bu əsəbiliyinin səbəbini açıqladı:

- Ay uşaqlar, siz deyin, deputat olan adamı mütləq polis müşayiət eləməlidi? Deputat binaya girəndə polis digər jurnalistləri, nəşriyyata gələn qonaqları qapı ağzından, girişdən “çəkilin, çəkilin!”-deyib, deputatın qabağına qaçmalı və onu kimlərdənsə qorumalıdır?! Bəs bu nə idi, başım çıxmadı?! Məni giriş qapısında dayanan polislər qorumağa çalışdılar. Mən də biabır elədim. Dedim ki, ay kişilər, məni kimdən qoruyursunuz?! Bu insanlar niyə belə itaətkar olublar, bilmirəm. Bizə xalq səs verib. Biz xalqın səsiyik, yoxsa xalqdan qorxmalıyıq?! Anlamıram bəzilərini. İndi nəşriyyatın giriş qapısındakı polislərlə az qala, vuruşmuşam ey...

Xeyrəddin müəllimin Milli Məclisdəki fəaliyyəti dövründə orada qarşılaşdığı məsələlərə satirik qələmlə baxışı da olduqca maraqlı idi. Belə yazılarını o, “Marallar” rubrikasında dərc elətdirirdi. Sən demə, bütün bunları o, yaradıcılığının səhifələri kimi gələcəkdə oxucularına kitablar şəklində çatdırmağı düşünürmüş. Belə olmasaydı, onun oxucu qəlbinə yol tapan “Marallar”, “Biz bizə bənzərik...”, “Ömür belə keçir...”, “Hərənin öz payı...”, “Hərə öz payını götürsün”, “Gərək yazam...”, “Yazdıqlarım, yazılanlar”, “Yalnız yazılan qalacaq”, “Bu da belə həyatdır...”, “Filankəslər”, “Molla Nəsrəddin” yolu” və s. kitabları necə ərsəyə gələrdi.

Xeyrədin Qoca bəxtəvər yazıçıdır, təkcə ona görə yox ki, onun pyesləri akademik və digər məşhur teatrlarda səhnələşdirlib. Həm də ona görə ki, oxucu, tamaşaçı Xeyrəddin Qocanın müasiridir. O, bu günün Molla Nəsrəddinidir: mətbuat vasitəsilə, həm də “güldürə-güldürə” “marallar”ının “buynuzunu” qələmi ilə sındıran yazıçıdır. O, jurnalistliyi də yəqin məhz buna görə seçib.

...Kəlbəcərimizin işğalından sonra erməni daşnaklarına “qarğış sanki mənim “qələmimin boyuna biçilmişdi”

Qəzetin hər sayında qəlb göynədən şəhid yazılarım və kəlbəcərlilərin minbir zülm-zillətlə qanlı-qarlı Murov dağını aşıb, Gəncəyə necə gəlmələri barədə məqalələrim dərc olunurdu.

Bir gün Xeyrəddin müəllim zarafatla nə desə yaxşıdır:

- Ə, Məhəmməd, bu erməni zırramalara nə deyim?! Səni kiridə bilmirik. Vallah, biləm ki, ermənilər Ağdaşnan Kəlbəcəri dəyişər, “məmnuniyyətlə razı olardım”. Amma onlara Ağdaş lazım deyil ey, Kəlbəcərin sərvət yatağı və strateji əhəmiyyəti var. Ağdaşda ağ daş da yoxdu. Nətər edək ki, Kəlbəcəri qaytarsınlar, bəlkə sən də kiriyəsən?!

Əlbəttə, bu, Xeyrəddin Qocanın zarafatlarından biri olsa da, orada həqiqəti görün necə gözəl etiraf edir: “Kəlbəcər lazım idi ermənilərə, Ağdaş yox...”

Xeyrəddin Qocanın qəlbi gülüşlə dolu deyil. O, insanı güldürür və özü çəkilib kənardan güldürdüklərinin halına acıyır. Axı, onun satirası, yumoru heç də “hırıldayıb-gülmək” üçün yazılmayıb. “Molla Nəsrəddin” yolunun davamçısı olan Xeyrəddin Qoca müdrikliklə ictimai eybəcərliklərə təkcə özü gülmür, oxucularını da güldürür. Güldürür ki, baxın, dünən “akademikin ətəyində namaz qılanlar” bu gün görün necə gülünc vəziyyətə düşüblər.

Xeyrəddin Qoca qardaş Türkiyədə Azərbaycan Respublikasının baş konsulu vəzifəsində çalışarkən də fəaliyyəti ilə diqqət mərkəzində idi. Qardaş Türkiyədə işləməyə gedən neçə-neçə soydaşımızın orada sosial və hüquqi sahədə problemlərini həll etməkdə üzərinə düşən vəzifəni layiqincə yerinə yetirdi.

Ümummilli Lider Heydər Əliyev Moskvadan Azərbaycana qayıdanda hava limanında X.Qoca görüşəndə belə bir söhbət olub:

Heydər Əliyev:

 -Sən nə etmisən?

Xeyrədin Qoca təəccüblənib, bir az da narahat olub.

Heydər Əliyev:

-Bilirsən, sən özünü əjdahaların, ilanların içinə atmısan! Mənim haqqımda yazdıqlarına görə, səni də, ailəni də məhv edə bilərdilər!

Kitablarına yazılan resenziyalar, ədəbi təhlillər göstərir ki, o, gülüşü ilə insanlıq, mənəviyyat, əxlaq, milli-mənəvi dəyərlərə sadiqlik dərsi keçir.

***

Qələmi ilə özünə gün-dirrik, həyat quran, xalqına, dövlətinə sədaqətli xidmətləri ilə seçilən Xeyrəddin Qocanın hər yazısı bir akademik məruzədən artıq dərsdir, qanana, anlayana.

Xeyrəddin Qoca ömrünü Vətənə, dövlətə, xalqa xidmətə həsr etmiş bir dahi şəxsiyyətin yaxından tanıdığı və Onun etibarını qazandığı qələm adamıdır.

Xeyrəddin müəllimə ömrünün 75-ci fəslində arzuladıqlarım çox deyil.

Xalqımızın istəyi kimi, ikimizin də bir arzumuz var idi: Kəlbəcəri düşməndən azad edib, o cənnət məkana Xeyrəddin ilə birlikdə gedək. Onda Xeyrəddin müəllim Kəlbəcərim üçün vaxtilə ağlamağıma daha çox haqq qazandıracaq!

Məhəmməd NƏRİMANOĞLU

Subyekt.az

Seçilən
57
yeniazerbaycan.com

1Mənbələr