“Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyinin rəhbəri Möhübbəli Nağıyev 2025-ci ildə Birlik tərəfindən həyata keçirilən layihələr çərçivəsində görülən əsas işlər barədə məlumat verib.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunan “Alternativ turizm məhsulu” layihəsinin əsas məqsədi ölkədə turizm sənayesinin müasir inkişaf proqramının təşviqi, regionlarda turizmlə əlaqəli sahələrdə çalışan sahibkarların bilik və bacarıqlarının artırılması olub:
"Layihə çərçivəsində regionda (şəhər və ətraf kəndlərdə çalışan qonaq evi sahibləri, sənətkarlar, qadınlar və gənclər üçün beynəlxalq təcrübələrə əsaslanan “Alternativ turizm”, “Turizm və startap”, “Məhsul və xidmət”, “Keyfiyyət və ünsiyyət”, “Marketinq və reklam”, Maliyyə idarəçiliyi” mövzularında 6 günlük təlimlər təşkil olundu. Təlimlərə Dövlət qurumlarının və ictimai təşkilatların nümayəndələri dəvət olundu. Təlimlərdən 125 nəfər iştirakçı alternativ turizmin bir çox məhsulları ilə tanış oldular. Artıq, onlar əldə etdikləri bilik və bacarıqları öz fəaliyyətlərində tətbiq edirlər".
QHT sədri həmçinin bildirib ki, Birliyin ekoloji mövzuda icra etdiyi digər layihənin məqsədi, Şəkinin mərkəzi ilə axan Dəyirmanarxı çayını canlandırmaqla ərazidə olan iki tarix və mədəniyyət abidəsi olan su dəyirmanlarını təmir edərək tarixi görünüşünü bərpa etməkdən, dəyirmanları müntəzəm su ilə tam təmin etmək üçün su kanalının təmirindən və Şəkinin mərkəzində yerləşən B. Vahabzadə adına mədəniyyət və incəsənət parkındakı yaşıllıqların damcı üsulu ilə suvarılması üçün damcı suvarma sisteminin quraşdırılmasından, eləcə də, məişət tullantılarının idarə olunması ilə bağlı təlimlərin təşkilindən ibarət idi:
"Layihə çərçivəsində çayın kənarında olan 2 və 5 saylı Su dəyirmanları təmir-bərpa olundu, dəyirmanları müntəzəm su ilə təmin edən kustar su kanalı yeni borularla bərpa olundu, ərazidə həmişəyaşıl ağaclar əkildi və şəhərin mərkəzində olan B. Vahabzadə adına mədəniyyət və istirahət parkına Dəyirmanarxı çayından su xətti çəkilərək damcı suvarma sistemi quraşdırıldı".