Rusiyada kişi sevgilisini aborta təhrik etdiyi üçün cərimələnib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Əkiz uşaq istəməyən və sevgilisinə pul təklif edən şəxs məhkəmə tərəfindən cəzalandırılıb.
Məlumata görə, Rusiyada ilk dəfə olaraq bir vətəndaş “aborta təhrik etmə” inzibati maddəsi üzrə cərimələnib. Hadisə Saransk şəhərində baş verib.
Hamilə qadın bətnində əkiz uşaqlar olduğunu öyrəndikdə bu xəbəri sevgilisinə çatdırıb. Lakin kişi hələ uşaqlara hazır olmadığını bildirərək, xərclərini özü qarşılamaq şərti ilə qadına abort etdirməyi təklif edib.
Qadın bu təklifdən qəti şəkildə imtina edib və həmin şəxslə münasibətləri sonlandırıb. Bildirilir ki, kişinin abort təklifi hamilə qadının emosional vəziyyətinə mənfi təsir göstərib.
İstintaq zamanı əvvəlcə günahını etiraf edən kişi məhkəmədə aborta təhrik faktını inkar etməyə çalışıb. Lakin məhkəmənin qərarı ilə ona 5 min rubl (təxminən 85 manat) məbləğində cərimə kəsilib.
Qeyd edək ki, qadın 2025-ci ilin iyulunda Boqdan adlı oğlan və Varvara adlı qız olmaqla əkizlərini dünyaya gətirib.
Xuraman Etibarlı
İnterpress.az