AZ

“Çatdırılma xəbərsiz dəyişdirildi”

Azpost portalından verilən məlumata əsasən, ain.az bildirir.

Onlayn ticarət platforması Birmarket (keçmiş Umico) ilə bağlı vətəndaş şikayəti gündəmə gəlib. AzPost xəbər verir ki, sosial şəbəkədə yayılan paylaşımda istifadəçi sifarişin vaxtında çatdırılmamasından və müştəri xidmətlərinin münasibətindən narazılıq edib.

Şikayətdə bildirilir ki, vətəndaş 18-i tarixində çatdırılması nəzərdə tutulan, avtomobil üçün vacib olan məhsulu Birmarket üzərindən sifariş edib. Lakin sifariş göstərilən tarixdə çatdırılmayıb. Daha sonra istifadəçi tərəfindən heç bir razılıq və əvvəlcədən məlumat verilmədən çatdırılma tarixi avtomatik olaraq 24-ünə dəyişdirilib.

Müştərinin sözlərinə görə, məsələ ilə bağlı əlaqə saxladığı operator çatdırılmada gecikmənin səbəbini sifarişlərin çoxluğu ilə izah edib. İstifadəçi isə bunu müştəri üçün qəbuledilməz yanaşma hesab etdiyini bildirib. Onun fikrincə, daxili texniki və təşkilati problemlər müştərinin üzərinə ötürülməməlidir.

Şikayətdə diqqət çəkən məqamlardan biri də çatdırılma tarixinin müştərinin razılığı olmadan və əvvəlcədən xəbərdarlıq edilmədən dəyişdirilməsidir. Operatorun verdiyi məlumata görə, bu dəyişiklik sistem tərəfindən avtomatik həyata keçirilib.

İstifadəçi əlavə edib ki, şikayətin aidiyyəti şöbəyə yönləndirildiyi bildirilsə də, problemin operativ həlli ilə bağlı konkret vaxt və mexanizm təqdim olunmayıb.

Qeyd edək ki, son dövrlər onlayn ticarət platformalarında çatdırılma gecikmələri və müştəri məmnuniyyəti ilə bağlı oxşar şikayətlər sosial şəbəkələrdə tez-tez paylaşılır. İstifadəçilər sifariş etdikləri məhsulların vaxtında və xəbərdarlıq edilmədən gecikdirilməsinin etimad probleminə səbəb olduğunu bildirirlər.

AzPost.az məsələ ilə bağlı Birmarket (Umico) tərəfinin mövqeyini dərc etməyə hazırdır.

Paylaş

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
1
azpost.info

2Mənbələr