AZ

Keçmiş məhkəmə hakimi ona böhtan atıldığını, şərəf və ləyaqətinin alçaldıldığını, təhqir olunduğunu deyir

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı Apellyasiya Məhkəməsinin və Suraxanı rayon Məhkəməsinin hakimi olmuş Lətif Nəbiyev ona böhtan atıldığını, şərəf və ləyaqətinin alçaldıldığını, təhqir olduğunu bildirir. Keçmiş hakim bununla əlaqədar məhkəməyə şikayət edib.

Bizimyol.info xəbər verir ki, keçmiş hakimin şikayətçi olduğu və cəzalandırılmasını tələb etdiyi Azad İbrahimov onun qohumudur. Lakin sonradan onların arasında ciddi problemlər yaranıb.

Lətif Nəbiyev bir neçə il əvvəl Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqda) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmuşdu. O, istintaq gedən müddətdə azadlıqda qalsa da, 2021-ci ilin oktyabrında hökm oxunarkən məhkəmə zalında həbs olunmuşdu. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilmişdi. Sonra Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 4 il 6 aya salmışdı. Keçmiş hakim 2025-ci ilin yanvarında vaxtından əvvəl azadlığa buraxılıb.

Həmin vaxt bu cinayət işi üzrə iki zərərçəkmişdən biri Azad İbrahimov idi. İttihama əsasən, Lətif Nəbiyev qohumu Azad İbrahimovdan onun üçün Bilgəhdə dəniz kənarında və Xətai rayonunda torpaq sahələri almaq adı ilə 247 min 500 dollar pul alıb və onu aldadıb.

Lətif Nəbiyev isə özünü təqsirli bilmirdi. O, məhkəmədə ifadəsində demişdi ki, Azad İbrahimovdan alınan pul Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavin olan Əli Abdullayevə verilib. Onun sözlərinə görə, pul veriləndə Əli Abdullayev Əmlak Məsələləri Dövlət Komitəsində işləyirdi.

2022-ci ilin mayında Prezident İlham Əliyevin imzaladığı fərmanla Rəqəmsal inkişaf və nəqliyyat nazirinin birinci müavini vəzifəsi ləğv edildi. Əli Abdullayev də bu vəzifədən azad olundu.

Azad İbrahimov bir müddət əvvəl mediaya müsahibəsində Lətif Nəbiyevin onun pulunu hələ də qaytarmadığını, ziyanın ödənilməsi barədə məhkəmə qərarını icra etmədiyini bildirib.

“Lətif Nəbiyevin müxtəlif adamların adına sənədləşdirdiyi, ümumi dəyəri 2 milyon manata yaxın olan mülkləri var. Bu mülklər onun hakim işlədiyi dövrdə korrupsiya və dələduzluq yolu ilə əldə olunub”, - Azad İbrahimov belə deyib.

Lətif Nəbiyev bildirir ki, Azad İbrahimov istər mediaya bu cür açıqlamalarında, istərsə də Facebook sosial şəbəkəsindəki paylaşımlarında onu təhqir edib, nüfuzuna zərbə vurub. Bu səbəbdən də onun Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 147-ci (təhqir) maddələri ilə cəzalandırılmasını istəyir. Bu tələblə də Nəsimi Rayon Məhkəməsində xüsusi ittiham qaydasında iddia qaldırıb.

Məhkəmədə də o, şikayətini müdafiə edərək, Azad İbrahimovun cəzalandırılmasını istəyib.

Azad İbrahimov isə şikayətin əsassız olduğunu bildirib: “Mən ona “dələduz” deməklə böhtan atmamışam, təhqir etməmişəm. Dələduzluq cinayətinə görə o, cinayət məsuliyyətinə cəlb olunub, bu barədə dövlət adından çıxarılmış hökm var”.

Onun vəkili də qeyd edib ki, Azad İbrahimovun Lətif Nəbiyev haqqında dələduzluqla bağlı cinayət işində zərərçəkmiş və mülki iddiaçı qismində iştirak etdiyi nəzərə alınmalıdır.

Nəsimi Rayon Məhkəməsi araşdırmalardan sonra keçmiş hakimin şikayətini icraata götürməmək qərarı verib.

Aytən, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
40
bizimyol.info

1Mənbələr