Yunanıstan və Ermənistan rəsmi olaraq hərbi əlaqələrini gücləndirmək və regionda əməliyyat imkanlarını artırmaq üçün nəzərdə tutulmuş "2026 Hərbi Əməkdaşlıq Proqramı"nı imzalayıblar.
Hafta.az bildirir ki, Yunanıstanın "Kathimerini" qəzetinin məlumatına görə, Ermənistanın paytaxtı İrəvanda keçirilən mərasimdə tətbiq edilən protokol iki ölkə arasında strateji tərəfdaşlığın yeni dövrü üçün yol xəritəsini müəyyən edir.
Xəbərə görə, Yunanıstan Baş Qərargahının (HNDGS) açıqlamasında imzalanmış proqramın beynəlxalq hərbi standartlara uyğun olaraq müttəfiq və dost qüvvələr arasında əməkdaşlığı dərinləşdirməyi hədəflədiyi bildirilir.
Proqrama əməliyyat təlimi, böhran idarəetmə simulyasiyaları və xüsusi əməliyyat bölmələrinin birgə təlimləri prioritet mövzular kimi daxildir.
Razılaşma yalnız səhra təlimi ilə məhdudlaşmır, həm də hərbi təcrübənin ötürülməsini, öyrənilən dərslərin paylaşılmasını və müntəzəm heyət səviyyəsində görüşləri əhatə edir.
Proqramın əsas məqsədinin Yunanıstan və Ermənistanın Qafqaz bölgəsində təhlükəsizlik və sabitliyin əsas sütunları kimi rolunu gücləndirmək olduğu vurğulanıb.
Qeyd edək ki, hazırda Azərbaycanın Pakistan və Türkiyə, həmçinin İsraillə artan hərbi əməkdaşlığına qarşı müxtəlif ölkələr Ermənistanla hərbi əlaqələrini genişləndirməyi hədəfləyiblər. Bunların sırasında Fransa, Hindistan, Cənubi Kipr və Yunanıstan xüsusilə seçilir.