ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.
Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri, hazırda həbsdə olan Rusiya vətəndaşı Şahin Şıxlinskiyə yekun ittiham elan edilib, iş baxılması üçün məhkəməyə göndərilib. Şahin Şıxlinski barədə cinayət işini aparan müstəntiqlərdən birinin Rusiya İstintaq Komitəsinin mühüm işlər üzrə baş müstəntiqi, ədliyyə mayoru, erməni əsilli Karapetyan A.S. olduğu məlum olub. 2025-ci il iyulun 1-də baş vermiş hadisə zamanı Şıxlinskiyə qarşı ifadə verən də Daxili İşlər Nazirliyinin başqa bir erməni əsilli əməkdaşı Karen Kamoyeviç Tutuncyandır. Müdafiəçiləri Şıxlınsikinin cinayət işinin birtərəfli və qərəzli aparıldığı, ona qarşı irəli sürülən ittihamlarda da kifayət qədər ziddiyyətli məqamların olduğunu qeyd edirlər.
Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, son bir ildə Azərbaycan və Rusiya arasında münasibətlər kifayət qədər gərgindir və bir soyuqluq dövrünü yaşamaqdadır: “Bunun əsas səbəbi Azərbaycan Hava Yollarına məxsus təyyarənin vurulması ilə yanaşı, eyni zamanda Rusiyanın Azərbaycana qarşı, xüsusilə də diaspora qarşı atdığı addımlar idi. Bunlar iki ölkə arasında münasibətlərə kifayət qədər kölgə salıb deyə bilərik”-
Oqtay Qasımov
Oqtay Qasımov qeyd edib ki, diaspora qarşı aparılan təzyiq kampaniyası məhz Rusiya dövlətinin siyasəti kimi qəbul edilir və bu təbəqə üzərindən Azərbaycana təzyiq elementi kimi istifadə olunmağa çalışılır.
Politoloqun fikrincə, Yekaterinburqdakı diaspor rəhbərinin həbs olunması, onunla bağlı istintaqın aparılması və digər zorakılıqlar hamısı kifayət qədər ciddi narazılıq yaratdı: “Sonradan da məlum oldu ki, bu istintaqın aparılmasında müstəntiqlər erməni millətindən olan şəxslərdir və bununla da Rusiya incə bir hiyləgər siyasət həyata keçirib. Hazırda Azərbaycan və Ermənistan arasında normallaşma prosesi başlanıb və davam etməkdədir. Məhz bu tipli addımlarla iki tərəf arasında yaradılması nəzərdə tutulan etimad mühitinə zərbə vurmaq və bu proseslərə mane olmaq cəhdi kimi də dəyərləndirilməlidir”-deyən politoloq hesab edir ki, Azərbaycan diasporuna və onun nümayəndələrinə qarşı həyata keçirilən təzyiq, bir çox hallarda repressiya siyasəti məhz Rusiyanın Azərbaycan dövlətinə mesajı kimi qəbul olunmalı və bu, Rusiyanın Azərbaycan siyasətinin tərkib hissəsi və təzyiq mexanizmi kimi görülməlidir.
İradə Cəlil, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.