
Estetik və kosmetoloji cihazlar bazarında fəaliyyət göstərən “AzCosmetics” MMC, rəqib şirkət “AzEstetik Group” MMC barəsində paylaşdığı videoçarxlarda yalan və həqiqəti əks etdirməyən məlumatlar səsləndirdiyi üçün cəzalandırılıb.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Bakı Kommersiya Məhkəməsi qətnamə çıxarıb.
Bildirilib ki, “AZ Estetik Group” MMC barədə paylaşılan məlumatların həqiqəti əks etdirmədiyi müəyyən edilib və yalan, böhtan xarakterli məlumatların videoformat şəklində təkzib olunmasına qərar verilib.
Belə ki, sözügedən məlumatlar direktoru Kənan Zeynalov olan “AzCosmetics” MMC-yə məxsus Youtube və TikTok hesablarında 2023–2024-cü illərdə ictimailəşdirilib. Qərara əsasən, bu platformalarda yerləşdirilmiş video və şərhlərin silinməsi, eləcə də həmin materiallarda məhsul və xidmətlərlə bağlı səsləndirilən aldadılma, texniki xüsusiyyətlərin düzgün təqdim olunmaması, məhsul mənşəyinin gizlədilməsi və öhdəliklərin yerinə yetirilməməsi kimi iddiaların həqiqəti əks etdirmədiyi müəyyən edilib və bu məlumatların təkzib edilməsi tələb olunub.
Bundan başqa, digər məhkəmələr də “AzCosmetics” MMC və onun direktoru Kənan Zeynalova qarşı bir sıra qərarlar qəbul edib. Bildirilib ki, şirkət rəqibi olan “Az Estetik Group” MMC-nin lazer cihazlarını saxta və keyfiyyətsiz kimi tənqid edərək haqsız reklam və rəqabət apardığına görə reklam qanunvericiliyinin tələblərini pozub. Bu səbəbdən şirkət 1000 AZN məbləğində cərimə edilib.
Həmçinin, “AzCosmetics” məhkəmə qərarlarını icra etmədiyi – yəni, nüfuzu ləkələyən videoları silmədiyi və təkzib vermədiyi üçün şirkətə 3000 AZN, direktor Kənan Zeynalov-a isə 1200 AZN inzibati cərimə tətbiq olunub. Bu tədbirlərlə yanaşı, qətnamənin icrasından yayındığı üçün Kənan Zeynalova ölkədən çıxış qadağası qoyulub.