Balıqçılıqla bağlı vergi güzəşti kürü istehsalına aid olmayacaq
Azərbaycanda gələn il yanvarın 1-dən balıqçılıq sahəsinə tətbiq edilməsi nəzərdə tutulan vergi güzəştləri kürü istehsalına aid edilməyəcək.
aia.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Xatırladaq ki, kənd təsərrüfatı sektoru torpaq vergisi istisna olmaqla digər vergilər üzrə ödəmələrdən azaddır. Mövcud qanunvericiliyə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları mənfəət, gəlir, əlavə dəyər vergisini, sadələşdirilmiş sistem üzrə vergini və həmin fəaliyyət zamanı istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən azad ediliblər. Bundan başqa, aqrar emal fəaliyyəti ilə məşğul olan sahibkarlara da vergi təşviqləri verilib.
Kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) fiziki şəxslərin bu fəaliyyət üzrə satışdankənar gəlirləri, eləcə də kənd təsərrüfatı məhsulları istehsalı ilə əlaqədar dövlət büdcəsinin vəsaiti hesabına onlara verilən subsidiyalar 2023-cü il yanvarın 1-dən gəlir vergisindən müddətsiz azaddır. Hüquqi şəxslərin isə həmin fəaliyyət üzrə satışdankənar gəlirləri və dövlət büdcəsinin vəsaiti hesabına onlara verilən subsidiyalar, eləcə də kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan rezident hüquqi şəxslərin iştirakçıları olan hüquqi şəxslərin bu sahə üzrə dividend gəlirləri 2023-cü il yanvarın 1-dən 4 il müddətinə mənfəət vergisindən azad edilib.
Balıqçılıq sahəsində fəaliyyət göstərən sahibkarların dəstəklənməsi və istehlakçıların balıqçılıq məhsulları ilə uyğun qiymətə təmin olunması məqsədilə kənd təsərrüfatı məhsullarının istehsalı və satışına aid edilən vergi güzəştlərinin 2026-cı il yanvarın 1-dən bu sahəyə də şamil edilməsi nəzərdə tutulur. Güzəştlər yalnız balıq kürüsünün istehsalına aid edilməyəcək.
Balıqyetişdirmə fəaliyyətini həyata keçirən şəxslər tərəfindən emal edilən balıqçılıq məhsulları istisna olmaqla, kəsilən və dondurulan balıqlar da kənd təsərrüfatı məhsulları kimi qiymətləndiriləcək.
Vergi Məcəlləsinə edilən bu dəyişikliyin balıqçılıq sektorunun davamlı inkişafına təkan verəcəyi gözlənilir.
aia.az