Sherg.az saytından alınan məlumata görə, ain.az bildirir.
"Instagram"-da xəbər səhifələrinin kütləvi bağlanması sistemlidir
Son dövrlərdə “Instagram” sosial şəbəkəsində fəaliyyət göstərən xəbər səhifələrinin kütləvi şəkildə bağlanması halları ciddi narahatlıq doğurur. Müşahidələr onu göstərir ki, bu proses təsadüfi xarakter daşımır və müəyyən qrup kiberdələduz tərəfindən sistemli şəkildə həyata keçirilir.
Bu sözləri “Sherg.az”a açıqlamasında Mətbuat Şurasının üzvü Hacıbəy Heydərli deyib.
MŞ üzvü bildirib ki, həmin qruplaşma koordinasiyalı formada səhifələrə kütləvi şikayətlər göndərməklə onların fəaliyyətinin dayandırılmasına nail olur. Nəticədə sosial şəbəkə platforması qeyri-qanuni təsir mexanizminə və gəlir mənbəyinə çevrilir:
“Bu cür hallar “instagram”da xəbər istehsalı ilə məşğul olan media subyektlərinin söz və mətbuat azadlığına, həmçinin ictimai əhəmiyyət kəsb edən məlumatların yayımına ciddi zərbə vurur. Xüsusilə həkimlər, müğənnilər və digər ictimai şəxslər haqqında yayımlanan tənqidi məzmunlar məqsədli şəkildə şikayət olunaraq silinir, xəbər səhifələrinin fəaliyyəti məhdudlaşdırılır. Eyni zamanda, xəbər səhifələrinə qarşı saxta maillərdən və adlardan müəllif hüquqları (copyright) şikayətləri göndərilir, nəticədə qanuni əsaslar olmadan paylaşımlar silinir və səhifələrin fəaliyyəti məhdudlaşdırılır. Bu hallar açıq şəkildə sui-istifadə xarakteri daşıyır və informasiya təhlükəsizliyinə ciddi zərər vurur. Eyni zamanda hesab edirik ki, “Instagram” və onun aid olduğu “META” ilə Azərbaycan Respublikasının aidiyyəti qurumları arasında institusional əlaqələr gücləndirilməlidir. Sosial şəbəkə ilə birbaşa və effektiv kommunikasiya mexanizmlərinin qurulması, xüsusilə xəbər səhifələrinə qarşı həyata keçirilən əsassız və kütləvi bağlanmaların qarşısının alınması baxımından bu mühüm əhəmiyyət daşıyır. Hesab edirik ki, müvafiq dövlət qurumları tərəfindən bu təşkilatlanmış kiberdələduz şəbəkəsinin fəaliyyətinə hüquqi qiymət verilməsi də zəruridir. Yalnız bu halda baş verənlərin arxasında dayanan mexanizmlər və maraqlı tərəflər tam şəkildə üzə çıxarıla bilər”.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.