AZ

Bitkoin alan britaniyalı şirkətlər 80 milyon funt sterlinq zərər edib

London, 22 dekabr, AZƏRTAC

Bitkoin qiymətlərindəki eniş Böyük Britaniyada kriptovalyutaya böyük həcmdə yatırım etmiş şirkətlər üçün ciddi maliyyə itkiləri ilə nəticələnib.

AZƏRTAC “The Telegraph”a istinadla xəbər verir ki, britaniyalı şirkətlər kriptovalyutanın dəyərinin azalması fonunda ümumilikdə təxminən 80 milyon funt sterlinq zərər ediblər.

Böyük Britaniya fond birjasında qeydiyyatda olan şirkətlər bazar tendensiyasından faydalanmaq məqsədilə indiyədək kriptovalyuta alışlarına 360 milyon funt sterlinqdən çox vəsait xərcləyib. Bu şirkətlərin bazar dəyərinin əsas hissəsi əməliyyat fəaliyyətindən deyil, məhz sahib olduqları bitkoin ehtiyatlarından formalaşır. Bu isə investorların kriptovalyutanı birbaşa almadan səhm bazarı vasitəsilə ona çıxış əldə etməsinə imkan verir.

Cari ilin əvvəlində bir sıra britaniyalı şirkətlər bitkoin qiymətlərinin sürətlə artması və investor marağının yüksəlməsi fonunda bu strategiyanı seçiblər. Bu proses xüsusilə ABŞ-da analoji model üzrə fəaliyyət göstərən “Strategy” kimi şirkətlərin yay aylarında bazar dəyərinin qısa müddət ərzində 95 milyard funt sterlinqi keçməsi ilə güclənib. Lakin “The Telegraph” qəzetinin hesablamalarına əsasən, bir çox britaniyalı şirkət bitkoini bazarın pik nöqtəsinə yaxın dövrdə alıb. Bildirilir ki, 13 Britaniya şirkəti birlikdə təxminən 364 milyon funt sterlinq xərcləyərək bitkoin alıb. Britaniyalı şirkətlərin ümumi zərərinin 79,1 milyon funt sterlinq olduğu bildirilir.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
64
1
azertag.az

2Mənbələr