AZ

ÖLKƏDƏ BU QƏDƏR İNSAN DOYUNCA QİDALANA BİLMİR - Ərzağı borc və nisyə alanların da sayı AÇIQLANDI

2025-ci ildə Azərbaycanda on minlərlə insan maddi imkanların məhdudluğu səbəbindən doyunca yemək yeyə bilməyib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin 2025-ci il üzrə dərc etdiyi "Əhalinin ərzağa əlyetərliliyi üzrə ilin yekunları" adlı hesabatında bildirilir. Qeyd olunur ki, sorğu Prezidentin müvafiq fərmanları və dövlət proqramları çərçivəsində, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) metodologiya və tövsiyələri nəzərə alınmaqla həyata keçirilib. Müayinə ölkənin bütün iqtisadi rayonlarını əhatə etməklə təsadüfi seçilmiş 10510 ev təsərrüfatı arasında sorğu yolu ilə aparılıb.

Açıqlanan rəsmi məlumat belədir ki, yemək üçün kifayət qədər pulu və ya digər zəruri ehtiyatları olmadığı üçün ac qalaraq doyunca qidalana bilməyən ev təsərrüfatlarının ümumi ev təsərrüfatları içərisində xüsusi çəkisi 1,8 faiz təşkil edib. Rəsmi statistikaya görə, 1 noyabr 2025-ci il tarixində Azərbaycan əhalisinin sayı 10 milyon 257 min nəfər olub. Ölkədə hər bir ev təsərrüfatına orta hesabla 4,19 nəfər düşdüyünü nəzərə aldıqda, ev təsərrüfatlarının ümumi sayı təxminən 2 milyon 445 minə bərabər olur. Bu göstəricinin 1,8 faizi isə təxminən 44 min ev təsərrüfatı deməkdir. Aparılan hesablamalara əsasən, bu ev təsərrüfatlarında yaşayan insanların sayı ümumilikdə təxminən 184,4 min nəfər təşkil edir. Başqa sözlə, 2025-ci ildə Azərbaycanda 184 mindən artıq insan ac olduğu halda doyunca qidalana bilməyib.

Rəsmi məlumatlara əsasən, maddi çatışmazlıq səbəbindən bütün sutka ərzində yemək yeməyənlərin sayı 30 min 734 nəfər olub. Qidalanmaq üçün məcbur qalaraq pul və ya ərzağı borc alanların sayı 215 min nəfərə, pulun olmaması səbəbindən ərzaq məhsullarını nisyə alanların sayı isə 225 min nəfərə çatıb.

İqtisadi rayonlar üzrə göstəricilər arasında da ciddi fərqlər müşahidə olunur. Ən aşağı göstərici Bakı şəhərində qeydə alınıb – burada doyunca yemək yeyə bilməyən ev təsərrüfatlarının payı 0,9 faiz təşkil edib. Ən yüksək göstərici isə 3,1 faizlə Şəki-Zaqatala iqtisadi rayonunun payına düşüb.

Digər regionlarda vəziyyət belə olub - Qarabağ və Mərkəzi Aran iqtisadi rayonlarında 2,8 faiz, Qazax-Tovuzda 2,7 faiz, Şərqi Zəngəzurda 2,6 faiz, Dağlıq Şirvanda 2,2 faiz, Şirvan-Salyanda 2,1 faiz, Gəncə-Daşkəsəndə 2 faiz, Quba-Xaçmazda 1,9 faiz, Mil-Muğanda 1,8 faiz, Lənkəran-Astarada 1,7 faiz, Naxçıvan və Abşeron-Xızı iqtisadi rayonlarında isə 1,3 faiz qeydə alınıb.

İqtisadi rayonlar üzrə müvafiq göstəricini təqdim edirik:

İqtisadi rayon

Əhali sayı

Faiz (%)

Ac qalanların sayı

Bakı

2 351 000

0,9

21 159 nəfər

Naxçıvan

470 900

1,3

6 122 nəfər

Abşeron-Xızı

878 400

1,3

11 419 nəfər

Dağlıq Şirvan

322 000

2,2

7 084 nəfər

Gəncə-Daşkəsən

599 000

2,0

11 980 nəfər

Qarabağ

747 500

2,8

20 930 nəfər

Qazax-Tovuz

680 000

2,7

18 360 nəfər

Quba-Xaçmaz

550 000

1,9

10 450 nəfər

Lənkəran-Astara

943 000

1,7

16 031 nəfər

Mərkəzi Aran

724 000

2,8

20 272 nəfər

Mil-Muğan

527 000

1,8

9 486 nəfər

Şəki-Zaqatala

629 000

3,1

19 499 nəfər

Şərqi Zəngəzur

302 000

2,6

7 852 nəfər

Şirvan-Salyan

497 500

2,1

10 448 nəfər

 

 

 

 

Açıqlanan göstəricilərdən də məlum olduğu kimi, Azərbaycanda ərzaq təhlükəsizliyi problemi hələ də əhalinin müəyyən hissəsi üçün aktual problem olaraq qalır.

Məlumat üçün qeyd edək ki, BMT-nin Ümumdünya Ərzaq Proqramının noyabrın 29-da açıqladığı “Qlobal İnkişaf Vizyonu – 2025” adlı hesabatına görə, 74 ölkədə 343 milyon insan kəskin qida çatışmazlığı ilə üzləşib. Bu, ötən illə müqayisədə 10 faiz çoxdur, eyni zamanda, COVID-19 pandemiyası zamanı qeydə alınan rekorddan bir qədər azdır.

WFP-nin hesabatına görə, bu gün dünyada təxminən 1,9 milyon insan aclıq astanasındadır. Xüsusilə Qəzza və Sudanda, eləcə də Cənubi Sudan, Haiti və Malinin bəzi bölgələrində fəlakətli səviyyədə aclıqla üzləşən insanların sayı görünməmiş həddə çatıb.

Hesabat müəllifləri qeyd edirlər ki, 2025-ci ildə 123 milyon insanı qidalandırmaq üçün WFP-nin ehtiyac duyduğu 16,9 milyard dollar dünyada cəmi iki həftə ərzində qəhvəyə xərclənən vəsaitə bərabərdir…

AzPolitika.info

Seçilən
60
14
hurriyyet.az

10Mənbələr