Berlin, 22 dekabr, AZƏRTAC
Avropa İttifaqı (Aİ) Rusiyada ciddi insan hüquqları pozuntularına görə iki nəfəri - Moskva Şəhər Məhkəməsinin hakimi Dmitri Qordeevi və prokuror Lyudmila Balandinanı sanksiyalar siyahısına daxil edib.
AZƏRTAC xəbər verir ki, Aİ Şurasının məlumatında onların aktivlərinin dondurulduğu və Aİ ərazilərinə səfərlərinə qadağa qoyulduğu bildirilib. “Aİ Rusiyada insan hüquqları pozuntularını və narazıların susdurulmasını qətiyyətlə pisləyir və ölkədə vəziyyətin davamlı pisləşməsindən dərin narahatlıq ifadə edir”, - deyə məlumatda qeyd olunub.
Aİ, həmçinin Rusiyaya qarşı iqtisadi sanksiyaları daha altı ay - 2026-cı il iyulun 31-dək uzadıb. Hazırda sanksiyalar ticarət, maliyyə, enerji, texnologiya və ikili istifadə malları, sənaye, nəqliyyat və lüks mallar sahələrini əhatə edir. Bundan əlavə, tədbirlər Rusiyadan Aİ-yə dəniz yolu ilə xam neft və müəyyən neft məhsullarının idxalına qadağanı, bir neçə Rusiya bankının SWIFT sistemindən çıxarılmasını, həmçinin Kremlin dəstəklədiyi dezinformasiya vasitələrinin Aİ-də yayım fəaliyyətlərinin və lisenziyalarının dayandırılmasını nəzərdə tutur.
Aİ 2022-ci il fevralın 24-dən etibarən Rusiyanın Ukraynaya hücumuna cavab olaraq, sərt tədbirləri nəzərdə tutan 17 sanksiya paketi qəbul edib.
Berlin