Avropa İttifaqı Şurası insan haqlarının pozulması hallarına görə Rusiyada ədliyyə orqanlarının iki rəsmisinə sanksiyalar tətbiq edib.
APA xəbər verir ki, bu barədə Avropa Şurasının rəsmi saytında məlumat yayılıb.
Bildirilib ki, insan haqlarının ciddi şəkildə pozulması, vətəndaş cəmiyyətinin və demokratik müxalifətin repressiyaya məruz qalması, eləcə də Rusiyada demokratiya və qanunun aliliyinə zərbə vurulması ilə bağlı ittihamlar əsasında biri hakim, biri prokuror olmaqla iki şəxsə sanksiya qərarı verilib.
Məlumata görə, sözügedən şəxslər Moskva Şəhər Məhkəməsinin hakimi Dmitri Qordyev və prokuror Lyudmila Balandinadır.
Onların hər ikisi vəzifə səlahiyyətlərindən siyasi motivli, qeyri-obyektiv və ədalətsiz qərarların çıxarılması məqsədilə istifadə etməkdə ittiham olunurlar.
Qərara əsasən, Dmitri Qordyev və Lyudmila Balandinanın aktivləri dondurulub, Avropa İttifaqına üzv dövlətlərin vətəndaşlarının və bu ölkələrdə qeydiyyatdan keçmiş şirkətlərin onların hesablarına maliyyə vəsaiti köçürməsi qadağan edilib. Eyni zamanda, sanksiya tətbiq edilən şəxslər Avropa ölkələrinə səyahət etmək və bu ölkələrdən tranzit kimi istifadə etmək hüququndan məhrum ediliblər.