"Dördüncü dəfə keçirdiyimiz "Media savadlılığı" həftəsi ənənə halını almaqdadır".
Redaktor.az oxu.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktorunun müavini Natiq Məmmədli deyib.
O bildirib ki, cəmiyyətin media savadlılığının yüksəldilməsi agentliyin əsas prioritetlərindən biridir:
"Media savadlılığı yüksək olan cəmiyyət, bir qayda olaraq, dezinformasiyanın və yalançı təbliğatın təsiri altına düşmür və eyni zamanda, keyfiyyətli media məzmununu fərqləndirə bilir. Bu baxımdan, həftə ərzində bir sıra tədbirlər keçirilib. Hazırda baş tutan konfransda 500-ə yaxın nümayəndə iştirak edir. Ümumilikdə, il ərzində Azərbaycanın müxtəlif bölgələrində orta məktəbləri və ali təhsil müəssisələrini əhatə edən media savadlılığı proqramlarımız həyata keçirilib. Bu proqramlarda ümumilikdə 5 000-dən çox gənc vətəndaşımız marifləndirilib".
N.Məmmədli bildirib ki, cəmiyyətin digər təbəqələrinə də yönəlik maarifləndirmə proqramları var:
"Amma əsas diqqətimiz gənclərədir. Sevindirici haldır ki, gənclər tərəfindən bu tədbirlərə adekvat və müsbət reaksiya verilir. Media savadlılığının artması həm medianın işinə yanaşmada, həm də ümumiyyətlə informasiyaya münasibətdə keyfiyyət dəyişiklikləri yaradır".