Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə İndoneziya Respublikasının İnzibati və Bürokratik İslahatlar Nazirliyinin birgə təşkilatçılığı ilə dövlət xidmətləri üzrə onlayn simpozium baş tutub.
Doğru.az xəbər verir ki, simpozium 2017-ci il iyulun 24-də imzalanmış Anlaşma Memorandumu və 2024-cü il iyulun 1-də Cakarta şəhərində təsdiqlənmiş Fəaliyyət Planı çərçivəsində təşkil olunub. Hazırda İndoneziyada “ASAN xidmət” təcrübəsi əsasında yaradılmış 300-dən çox Dövlət Xidmət Mərkəzi fəaliyyət göstərir.
Tədbirin əsas məqsədi dövlət xidmətlərinin göstərilməsində innovativ yanaşmalar və idarəetmə mexanizmləri üzrə bilik və təcrübə mübadiləsinin aparılması olub.
Açılış sessiyasında Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və İndoneziyanın inzibati və bürokratik islahatlar naziri Rini Vidyantini çıxış edərək, vətəndaş mərkəzli, şəffaf və səmərəli dövlət xidmətlərinin əhəmiyyətini vurğulayıblar.
Simpozium çərçivəsində tərəflər arasında geniş təqdimatlar keçirilib, suallar cavablandırılıb və gələcək əməkdaşlıq imkanları müzakirə olunub. Tədbirdə hər iki ölkədən ümumilikdə 300-ə yaxın iştirakçı yer alıb.
DOĞRU.AZ