Rusiyada “A” qripinə yoluxanlar kütləvi şəkildə görmə qabiliyyətini itirir.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Xəstələr gözlərində duman və ikiləşmədən şikayətlənir.
Məlumata görə, Rusiyada “A” qripini keçirən vətəndaşlar arasında kütləvi şəkildə görmə problemlərinin yaranması barədə şikayətlər artıb. Xəstələr gözlərində duman, fokusun itməsi və görüntünün ikiləşməsindən narahatdırlar.
Bildirilir ki, bu fəsadlar adətən xəstəliyin 3-5-ci günündə özünü büruzə verir.
Həkimlər qeyd edirlər ki, görmə qabiliyyətinin zəifləməsi həm xəstəliyin gedişatı zamanı bir neçə gün ərzində, həm də sağaldıqdan 1-3 həftə sonra autoimmun reaksiya nəticəsində baş verə bilər.
Moskvadan olan 24 yaşlı bir qız həkimlərə müraciət edərək görmə qabiliyyətinin cəmi bir neçə gün ərzində kəskin pisləşdiyini bildirib. Əvvəllər 100 faiz görmə qabiliyyətinə malik olan pasiyent hər şeyi “dumanlı” görməyə başlayıb.
O qeyd edib ki, parlaq yazılar qəflətən ikiləşir, zəif işıqlı otaqda istiqaməti təyin etmək çətinləşir və hər hansı əşya üzərində fokuslanmaq 5 saniyəyə qədər vaxt aparır.
Xuraman Etibarlı
İnterpress.az