AZ

Professor: Bəzi endemik bitki növlərinin populyasiya dinamikasında azalma qeydə alınmaqdadır

Bakı, 22 dekabr, AZƏRTAC

Azərbaycan ərazisində 4500-dən artıq ali bitki növü qeydə alınıb ki, bu da Qafqaz florasının ümumi növ tərkibinin 70 faizindən çoxunu təşkil edir. Floranın belə müxtəlifliyi respublikanın fiziki-coğrafi şəraitinin, iqlim tiplərinin, relyef quruluşunun və yüksəklik qurşaqlığının geniş spektri ilə bilavasitə əlaqədardır. Müxtəlif ekoloji və oroqrafik şərait endemik bitki növlərinin formalaşmasına səbəb olub.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Botanika İnstitutunun baş direktoru biologiya elmləri doktoru professor Səyyarə İbadullayeva söyləyib.

Alimin sözlərinə görə, hazırda Azərbaycan florasında təxminən 140-a yaxın Azərbaycan endemiki, 950 Qafqaz endemiki mövcuddur ki, bu da regionun yüksək floristik unikallığını təsdiqləyir.

Professorun fikrincə, endemizmin əsas konsentrasiyaları Talış dağları və Naxçıvan Muxtar Respublikası ərazilərində müşahidə olunur. Antropogen təsirlərin, xüsusilə turizm fəaliyyətinin intensivləşməsi, sərhədlərin açıq olması və iqlim dəyişmələrinin təsiri nəticəsində bəzi endemik növlərin populyasiya dinamikasında azalma qeydə alınmaqdadır.

“Azərbaycanın dendroflorası da yüksək növ müxtəlifliyi ilə xarakterizə olunur. Ölkənin təbii dendroflorasında 48 fəsilə və 135 cinsə aid 435 ağac və kol növü yayılıb. Onlardan 119-u ağac, 316-sı isə kol formalarına aiddir. Dendroflorada 70-dən artıq endemik növün mövcudluğu bu komponentin ümumi tərkibinin təxminən 16 faizini təşkil edir. Eyni zamanda, Azərbaycan florasında təqribən 500 qida, 1600 dərman, 800 aromatik, 150-dən çox texniki və 1500-dən artıq boyaq bitkisi müəyyən edilib ki, bu da floranın təsərrüfat və ekoloji əhəmiyyətini göstərir”, - deyə o əlavə edib.

Seçilən
73
azertag.az

1Mənbələr