Bakı, 22 dekabr, AZƏRTAC
Verilən sayca 13-cü amnistiya aktı ölkəmizdə humanizmə əsaslanan cəza siyasətinin sistemli və davamlı xarakter aldığını, əfv və amnistiya institutlarının dövlət idarəçiliyində mühüm və sabit yer tutduğunu bir daha təsdiqləyir.
Bu barədə ədliyyə nazirinin müavini Mübariz Əhmədov AZƏRTAC-a müsahibəsində bildirib.
Nazir müavininin sözlərinə görə, təsadüfi deyil ki, bu amnistiya aktı ilk növbədə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş şəxsləri, həmin əməliyyatlarda həlak olmuş, əlil olmuş və ya itkin düşmüş şəxslərin yaxın qohumlarını, eləcə də bu xidmətlərinə görə dövlət təltifləri almış şəxsləri əhatə edir. Eyni zamanda, Vətən müharibəsi və antiterror əməliyyatları dövründə, habelə Xocalı soyqırımı zamanı mülki əhaliyə qarşı törədilmiş hərbi təxribatlar nəticəsində zərər çəkmiş şəxslər və onların ailə üzvləri və bu kateqoriyadan olan digər insanlar da amnistiya tətbiq olunan şəxslər dairəsinə daxil edilir:”Ümumilikdə amnistiya aktları qadınlar, yetkinlik yaşına çatmayanlar, ahıllar, əlilliyi olan şəxslər, eləcə də az ağır və böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum edilmiş şəxslər üçün tətbiq olunub”.
Mübariz Əhmədov onu da qeyd edib ki, amnistiya aktının icrası üzrə ədliyyə orqanlarının üzərinə düşən mühüm vəzifələrin vaxtında, dürüst və mütəşəkkil qaydada icrasını təmin etmək məqsədilə Ədliyyə Nazirliyi üzrə müvafiq əmr qəbul edilib və amnistiyanın icrasına başlanılıb.
Nazir müavini vurğulayıb ki, bu, əhatə dairəsinə görə indiyədək ən böyük amnistiya olacaq. “Prezident tərəfindən Milli Məclisə təqdim olunmuş amnistiya təşəbbüsünün tətbiq ediləcək şəxslərin sayına görə indiyədək qəbul edilmiş ən genişmiqyaslı amnistiya olacağı gözlənilir. Amnistiyanın ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi proqnozlaşdırılır. Onlardan 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad olunacağı, 3 mindən artıq şəxsin cəzasının azaldılacağı gözlənilir. Bununla yanaşı, 7 mindən çox şəxs azadlığın məhdudlaşdırılması cəzasından, 3 minə yaxın şəxs digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, mindən artıq şəxs isə cinayət məsuliyyətindən azad ediləcək. Bu rəqəmlər amnistiyanın miqyasını və sosial əhəmiyyətini aydın şəkildə nümayiş etdirir”, - deyə Mübariz Əhmədov vuröulayıb.
Qeyd edək ki, ədliyyə nazirinin müavini Mübariz Əhmədovun müsahibəsi ilə daha geniş şəkildə bu gün AZƏRTAC-da tanış ola biləcəksiniz.