AZ

Rusiya və İran niyə 44 kilometrlik yoldan bu qədər qorxur?-ŞƏRH

Zəngəzur dəhlizi ətrafında yaranan geosiyasi gərginlik bu marşrutun sırf nəqliyyat layihəsi çərçivəsindən çoxdan çıxdığını göstərir. Bölgədə güc balansına təsir edən bu məsələ xüsusilə İran və Rusiyanın reaksiyaları fonunda daha geniş strateji və tarixi kontekstdə dəyərləndirilir. Mütəxəssislərin fikrincə, rəsmi bəyanatların arxasında gizlənən əsas narahatlıq regional inteqrasiyanın və Türk dünyasının artan təsir imkanları ilə bağlıdır.

Politoloq Azər Qasımov Editor.az-a açıqlamasında bildirib ki, Zəngəzur dəhlizinə İran və Rusiyanın münasibəti bu marşrutun sadəcə nəqliyyat yolu olmadığını açıq şəkildə ortaya qoyur. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan Zəngəzur dəhlizinə əsasən kommunikasiya vasitəsi kimi yanaşdığı halda, tarixi imperiya ambisiyaları olan İran və Rusiya bu məsələyə təhlükəsizlik prizmasından baxır:

“Məsələnin mahiyyəti ondan ibarətdir ki, İran və Rusiya tarixi rəqibləri olan Türk dünyasının bu dəhliz vasitəsilə yenidən dirçələcəyi ehtimalından ciddi şəkildə ehtiyat edirlər. Əks halda cəmi 44 kilometrlik bir yol bu qədər narahatlıq doğurmazdı. Ermənistanın belə çəkinmədiyi bir layihəyə görə Rusiya və İranın sərgilədiyi mövqe absurd və xəstə təfəkkürün məhsuludur.

Rusiya ilə İran arasında imzalanan saziş real hərbi müttəfiqlik anlamına gəlmir. İsrailin İrana hücumu zamanı baş verən 12 günlük müharibə dövründə Rusiya neytral mövqe tutdu. İran rəsmiləri bu vəziyyətdən narazılıqlarını açıq şəkildə ifadə etdilər. Gələcəkdə oxşar vəziyyət təkrarlanarsa, Rusiyanın yenə də eyni reaksiyanı göstərəcəyi ehtimalı böyükdür. Rusiya heç vaxt İsraillə birbaşa qarşıdurmaya getməz. Bunun dərin siyasi və iqtisadi səbəbləri var. Yəhudi lobbisinin Rusiyanın iqtisadiyyatındakı rolu və rusiyalı milyarderlərin siyahısı buna bariz nümunədir”.

Azər Qasımovun sözlərinə görə, Rusiya İrana verdiyi dəstəyi hər zaman məcburiyyət fonunda həyata keçirib:

“İranın zəifləməsi Rusiyanın cənub sərhədlərinin təhlükə altına düşməsi qorxusunu yaradır. Bunun tarixi nümunəsi İkinci Dünya müharibəsi dövründə, 1941-ci ilin avqustunda Sovet İttifaqının İranın şimal ərazilərini işğal etməsi idi. Həmin vaxt da səbəb təhlükəsizlik amili idi və bu məsələ bu gün də aktuallığını qoruyur. Məhz buna görə Rusiya İrana müəyyən dəstək verir. İki ölkə arasında imzalanan müqavilə əsasən iqtisadi əməkdaşlıq və hərbi texnika mübadiləsini əhatə edir”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
43
editor.az

1Mənbələr