AZ

“Media savadlılığı cəmiyyətdə məsuliyyət düşüncəsini gücləndirir” MEDİA EKSPERTİ

ain.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşəbbüsü ilə 15–22 dekabr tarixləri arasında “Media Savadlılığı” Həftəsinə start verilib.

“Media Savadlılığı” Həftəsinin keçirilməsində əsas məqsəd cəmiyyətdə media savadlılığının artırılması, dezinformasiya ilə mübarizədə maarifləndirmənin və həmrəyliyin gücləndirilməsi, həssas istifadəçi qrupu hesab edilən və bir çox hallarda zərərli məlumatların təsirinə məruz qalma ehtimalı yüksək olan yeniyetmə və gənclərin media savadlılığı mövzusunda bilik və bacarıqlarının təkmilləşdirilməsi, o cümlədən, müxtəlif tərəflər arasında koordinasiya və əməkdaşlığın genişləndirilməsidir.

2022-ci ildən etibarən hər ilin dekabr ayında təşkil edilən, müxtəlif hədəf qruplarına yönəlmiş təlim və inkişaf proqramlarının, maarifləndirmə və təbliğat tədbirlərinin, müxtəlif kampaniyaların keçirildiyi Həftə çərçivəsində bu il də geniş auditoriyanın əhatə olunması, məlumatların daha çox şəxsə çatdırılması məqsədilə silsilə tədbirlərin görülməsi planlaşdırılır.

Maraqlıdır, media savadlılığının ötən illə müqayisədə hansı real təsirləri müşahidə olunub?

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan media eksperti Azər Həsrət bu cür tədbirlərin effektivliyinə də toxunub:

“Ötən dəfə media savadlılığı həftəliyinin keçirilməsi nəticə etibarilə cəmiyyətdə bu mövzu ətrafında müzakirələrin daha da genişlənməsinə səbəb oldu. Üstəlik, mediadan düzgün istifadə, mediaya güvənib-güvənməmək kimi məsələlər də aktiv müzakirə mövzusuna çevrildi.

Adətən media deyəndə bunun yalnız media adamlarına — jurnalistlərə və bu sahədə çalışanlara aid olduğunu düşünürük. Halbuki media savadlılığı həftəliklərinin keçirilməsi və bu istiqamətdə tədbirlərin həyata keçirilməsi göstərir ki, əslində hər bir fərdin media savadlılığına ehtiyacı var. Medianın İnkişafı Agentliyinin bu yöndə keçirdiyi və keçirməyə davam etdiyi həftəliklər də məhz bu baxımdan effektivdir”.

O, qeyd edib ki, artıq müəyyən dəyişikliklər müşahidə olunur:

“Xüsusilə sosial mediadan istifadə məsələsində fərqlər var.  İstifadəçilər öz məsuliyyətlərini daha çox dərk etməyə başlayıblar. Uzun illərdir mübarizə apardığımız əsas problemlərdən biri sosial media istifadəçilərinin azadlıqlardan geniş istifadə etməsi, lakin məsuliyyət məsələsini arxa planda saxlaması idi. Bu cür tədbirlərin keçirilməsi isə məsuliyyət anlayışını ön plana çıxarır.

İnsanlar başa düşür ki, azadlıqlardan istifadə edərkən onunla yanaşı məsuliyyəti də nəzərə almaq lazımdır. Azadlıqlar, bir qayda olaraq, məsuliyyət sərhədləri ilə çərçivələnməlidir. Məsuliyyəti unudanlar isə, təbii ki, cəzalandırılacaqlar.

Bu baxımdan media savadlılığı həftəlikləri effektivdir, real dəyişikliklər var və düşünürəm ki, bu tədbirlərin davamlı şəkildə həyata keçirilməsi insanların mediadan daha düzgün istifadə etməsinə ciddi töhfə verəcək”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
45
icma.az

1Mənbələr