Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlətçiliyimizin hüquqi təməlini formalaşdırıb. Bu möhkəm təməl üzərində qurulan siyasət dayanıqlı inkişafı təmin edən dövlətçilik ənənələri ilə bərabər humanizmi də ön plana keçirib. Təsadüfi deyil ki, humanizm Prezident İlham Əliyevin fəaliyyətində də əsas ideoloji dayaqlardan birini təşkil edir. Dövlət başçısının apardığı siyasətin mərkəzində insan amili, vətəndaş rifahı, sosial ədalət və mərhəmət prinsipləri dayanır. Məhz, bu humanist yanaşmanın nəticəsidir ki, ölkəmizdə cinayət-hüquq siyasətinin formalaşdırılmasında da humanizm əsas prinsip kimi qəbul edilib. Suverenliyimizin bərpasının, Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində bərqərar olunmasının xalqımızın ən böyük tarixi qələbəsi olduğunu nəzərə alaraq, humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq, cəzadan azad olunacaq şəxslərin qanunlara dönmədən əməl edəcəklərinə və dövlətimizin inkişafına öz töhfələrini verəcəklərinə ümid edərək Prezident İlham Əliyev 15 dekabr 2025-ci ildə amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb. Bu təşəbbüs əsasında dekabrın 19-da Milli Məclis tərəfindən qəbul edilən Amnistiya aktının artıq icrasına başlanılıb. “Konstitusiya və Suverenlik İli” çərçivəsində Prezident İlham Əliyevin ümumbəşəri humanizm dəyərlərinə sadiqliyini əks etdirən bu mühüm təşəbbüsü həm də müstəqil Azərbaycanın tarixində ən böyük amnistiya aktıdır.
Bəli, Prezident İlham Əliyevin təklifi sayəsində amnistiya aktı tətbiq edilən şəxslərin, o cümlədən azadlıqdan məhrum etmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiyadır. Belə ki, amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan, 5 mindən çox məhkumun azadlıqdan məhrum etmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi bildirilir.
Ümumilikdə 1995-ci ildən etibarən qəbul edilən 12 amnistiya aktı 130 mindən artıq nəfərə şamil edilib. Prezident İlham Əliyevin təşəbbüsü əsasında 2021-ci ildə 8 Noyabr – Zəfər Günü münasibətilə elan olunan amnistiya aktı 17 mindən artıq nəfərə şamil edilib.
Ümummilli Lider Heydər Əliyev tərəfindən 1995-2003-cü illərdə 32 əfv fərmanı imzalanıb, həmin dövrdə 7 amnistiya aktı qəbul edilib. Prezident İlham Əliyev tərəfindən isə 2003-2025-ci illər ərzində 39 əfv sərəncamı imzalanıb, həmin dövrdə 5 amnistiya aktı qəbul edilib. Ümumilikdə 71 əfv fərmanı və sərəncamla 10162 məhkum əfv olunub. Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamlar isə 7060 nəfərə şamil olunub. Milli Məclisin deputatı olarkən Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2007-ci, 2009-cu, 2013-cü və 2016-cı illərdə amnistiya aktı qəbul edilib.
Əlibala Məhərrəmzadə, Milli Məclisin deputatı, professor