AZ

Şəhid əsgər Azər Kamil oğlu Tağıyev yad edilib

Şəhid əsgər Azər Kamil oğlu Tağıyevin doğum günü münasibətilə anım tədbiri keçirilib.
Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış əsgər Azər Kamil oğlu Tağıyevin doğum günü münasibətilə anım tədbiri keçirilib.
Tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, ardınca Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra dini icmanın sədri tərəfindən Qurani-Kərimdən ayələr oxunub.
Tədbirdə çıxış edən Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov şəhid Azər Tağıyevin keçdiyi qısa, lakin şərəfli həyat yolundan söz açaraq bildirib ki, onun göstərdiyi qəhrəmanlıq Azərbaycan gəncliyinin vətənə bağlılığının, yüksək mənəvi-əxlaqi dəyərlərə sahib olmasının bariz nümunəsidir. Qeyd olunub ki, Azər Tağıyev kimi igid oğullarımız Vətən torpaqlarının müdafiəsi uğrunda heç bir tərəddüd etmədən canlarını fəda edərək xalqımızın tarixində əbədi iz qoyublar.
Rayon icra hakimiyyətinin başçısı xüsusi olaraq şəhid anaları və atalarının cəmiyyətdə ən uca məqama layiq olduğunu qeyd edərək, onların göstərdiyi səbir, dözüm və vətənpərvərlik nümunəsinin hər bir Azərbaycan vətəndaşı üçün örnək olduğunu bildirib. Çıxış zamanı dövlət tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışılaraq, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin həlli istiqamətində həyata keçirdiyi ardıcıl və məqsədyönlü tədbirlər xüsusi qeyd olunub.
Sonda vurğulanıb ki, şəhidlərimizin əziz xatirəsi daim ehtiramla anılacaq, onların qəhrəmanlıq yolu gənc nəslin vətənpərvər ruhda yetişməsində mühüm rol oynayacaq və Azərbaycan dövləti şəhid ailələrini heç zaman diqqətdən kənarda qoymayacaq.
Daha sonra şəhid atası, Şəhid Ailələri İctimai Birliyinin sədri, şəhid Amin Gülməmmədovun atası Mayis bəy, şəhid Rzayev Zülfünün anası Məhbarə xanım, qazilər və hərbçilər çıxış edərək şəhidlərin Vətən qarşısındakı misilsiz xidmətlərindən, onların əziz xatirəsinin daim uca tutulmasının vacibliyindən danışıblar.
Tədbir çərçivəsində şagirdlər tərəfindən şəhidlərin əziz xatirəsinə həsr olunmuş şeirlər səsləndirilib.
Sonda tədbir iştirakçıları Şahtaxtı kəndində yerləşən şəhidlərin məzarlarını ziyarət edərək üzərinə tər qərənfillər düzüb, ruhlarına dualar oxuyublar. Anım mərasimi şəhid ailələri ilə birlikdə xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.
Bəxtiyar ƏLİYEV
Naxçıvan Şəhid Ailələri İctimai Birliyinin mətbuat katibi



Seçilən
53
10
herbiand.az

10Mənbələr