Macarıstanın Baş naziri Viktor Orban Rusiyaya qarşı tətbiq olunan sanksiyaların Avropa iqtisadiyyatına ciddi zərbə vurduğunu bildirib.
Editor.az xarici mediaya istinadla xəbər verir ki, Viktor Orban sosial şəbəkə platforması X hesabında paylaşdığı açıqlamada Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları növbəti dəfə sərt tənqid edib.
Orban qeyd edib: “Brüssel sanksiyaların Rusiyanı çökdürəcəyini vəd etmişdi. Əvəzində isə Avropa iqtisadiyyatı əzildi. Enerji qiymətləri kəskin artdı, rəqabət qabiliyyəti zəiflədi və Avropa geridə qalır. Bu, yanlış qərarların bədəlidir.”
Macarıstan hökumətinin başçısı daha da gərginliyə yol açacaq siyasət yerinə artıq sülh danışıqlarına başlanmasının vacibliyini vurğulayıb.
Macarıstan neft və təbii qaz tədarükündə Rusiyanın əsas tərəfdaşlarından biri olaraq qalır. Orban daha əvvəl Rusiyanın enerji təminatı vasitəsilə Macarıstanın təhlükəsizliyini təmin etdiyini bildirmişdi. Macarıstan Baş nazirinin ofisinin rəhbəri Gergely Qulyasın sözlərinə görə, Rusiya qazından imtina Budapeştə təxminən 10 milyard dollara başa gələr və bu, ölkənin ümumi daxili məhsulunun (ÜDM) 4 faizindən çox itkiyə səbəb olar.
Rusiya isə Qərbin bir neçə il əvvəl tətbiq etməyə başladığı və mərhələli şəkildə sərtləşdirdiyi sanksiya təzyiqlərinin öhdəsindən gələcəyini dəfələrlə bəyan edib. Moskva bildirib ki, qarşı tərəf bu sanksiya siyasətinin uğursuzluğunu etiraf etmək cəsarətinə malik deyil. Qərb ölkələrində bir sıra siyasətçilər və ekspertlər də Rusiyaya qarşı sanksiyaların effektiv olmadığını dəfələrlə dilə gətiriblər.
//Gülnarə Abasova, Editor.az