AZ

İndoneziyada avtobusun qəzaya uğraması nəticəsində 16 nəfər ölüb

Yava adasında baş verən ağır yol-nəqliyyat hadisəsində onlarla sərnişin xəsarət alıb...

İndoneziyanın Yava adasında sərnişin avtobusu idarəetməni itirərək pullu avtomobil yolunda beton maneəyə çırpılıb və nəticədə azı 16 nəfər həyatını itirib.

Poliqon xəbər verir ki, bu barədə Associated Press Agentliyi axtarış-xilasetmə qurumunun rəhbərinə istinadla məlumat yayıb.

Məlumata görə, 34 sərnişini daşıyan şəhərlərarası avtobus paytaxt Cakartadan Cokyakarta istiqamətində hərəkət edirmiş. Avtobus Semaranq şəhəri yaxınlığında Krapyak pullu yolunun dolama eniş hissəsində beton hasara çırpılaraq aşıb. Güclü zərbə nəticəsində bir neçə sərnişin avtobusdan kənara atılıb və nəqliyyat vasitəsinin kuzovu altında sıxılıb.

Hadisə yerinə təxminən 40 dəqiqə sonra çatan xilasedicilər altı sərnişinin cəsədini çıxarıblar. Daha 10 nəfər xəstəxanaya aparılarkən və cərrahi əməliyyatlar zamanı dünyasını dəyişib. Qəza nəticəsində xəsarət alan 18 nəfər yaxınlıqdakı iki xəstəxanada müalicə olunur.

Həkimlərin verdiyi məlumata görə, yaralılardan beşinin vəziyyəti kritik, digərlərinin isə ağır olaraq qiymətləndirilir. Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırma aparılır, ilkin ehtimallara görə, sürət həddinin aşılması və yolun mürəkkəb relyefi qəzada rol oynamış ola bilər.

Poliqon.info

Seçilən
53
poliqon.info

1Mənbələr