İkinci Qarabağ müharibəsində qazanılan böyük Qələbədən sonra yaradıcılığımda yeni mərhələ başlayıb. Bu mərhələnin əsasını Qarabağ atları və xalçalarına həsr olunan silsilə təşkil edib. Qarabağ xalçaları ilə daha dərindən tanış olduqca onların zəngin ornamentləri, fəlsəfəsi və möhtəşəm gözəlliyi məni bu irsi yaşatmağa sövq etdi. Məhz bu istəklə 20-dən çox xalça mövzusunda əsər çəkməyə qərar verdim. Bu əsərlər getdikcə genişlənərək bütöv seriyaya çevrildi.
Hafta.az xəbər verir ki, bunu açıqlamasında rəssam Emil Əziz deyib. Onun sözlərinə görə, əsərlərinin Azərbaycan Milli Xalça Muzeyində sərgilənməsi qürurverici məqam olub.
Əsərləri barədə məlumat verən rəssam deyib:
“İşlərimdə əsasən Qarabağ xalçalarından və ora aid toponimlərdən istifadə etmişəm. Bununla yanaşı, Azərbaycanın digər bölgələrinin zəngin xalça irsi də diqqətdən kənarda qalmayıb. Qazax və Quba xalçalarına aid elementlər də bəzi əsərlərdə öz əksini tapıb. Sərgidə at siluetləri ilə yanaşı, müxtəlif simvolik siluetlər də yer alıb. Sərgi milli irs, zaman, dövran və müasir bədii baxışın vəhdətini əks etdirən çoxşaxəli bir bədii məkan kimi tamaşaçıya təqdim olunub”.