Bakı, 21 dekabr, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi və “Konstitusiya və Suverenlik İli” münasibətilə hazırlanmış genişmiqyaslı Amnistiya Aktı cəmiyyətimizin hüquqi və mənəvi inkişafına töhfə verən mühüm sənəddir. Bu təşəbbüs, Ulu Öndər Heydər Əliyevin dövlət idarəçiliyində əsasını qoyduğu humanizm və ədalət prinsiplərinin bu gün də uğurla davam etdirildiyinin əyani sübutudur.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
O qeyd edib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev ölkəmizdə əfv və amnistiya institutlarının hüquqi əsaslar və humanist dəyərlər üzərində formalaşdırılmasına xüsusi önəm verib, bu sahədə sistemli və dərin islahatların başlanğıcını qoyub. Məhz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə - 1998-ci ildə atılan tarixi addım, yəni ölüm hökmünün ləğv olunması, Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması sahəsində dönüş nöqtəsi olub. Bu qərar beynəlxalq ictimaiyyət tərəfindən də böyük rəğbətlə qarşılanıb və Azərbaycanı dünyada humanist dəyərlərə sadiq dövlət kimi tanıdıb. Onun rəhbərliyi ilə həyata keçirilən bu siyasət bir tərəfdən cəza tədbirlərinin hüquqa əsaslanan şəkildə tətbiqinə, digər tərəfdən isə cəmiyyətdən təcrid olunmuş şəxslərin yenidən sosial həyata qayıdışına şərait yaradıb.
“Bu gün həmin ali dəyərlərin daşıyıcısı kimi çıxış edən Prezident İlham Əliyev dəfələrlə bu prinsiplərə sadiqliyini nümayiş etdirib və insan amilini daim dövlət siyasətinin mərkəzində saxlayıb. Eyni zamanda, qeyd etmək lazımdır ki, Heydər Əliyev Fondunun Prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyeva da deputatlıq fəaliyyəti dövründə bu irsə sadiqliyini qoruyaraq bir sıra amnistiya təşəbbüsləri ilə çıxış edib. Bu baxımdan, təqdim olunmuş Amnistiya Qanunu layihəsi həm hüquqi, həm də mənəvi baxımdan yüksək dəyərlərə əsaslanan bir sənəddir. Bu sənəd yalnız hüquqi akt deyil, eyni zamanda, Prezident İlham Əliyevin öz vətəndaşına olan inamının və mərhəmətinin təcəssümüdür. Əminik ki, bu təşəbbüs bir çox insanlara yeni başlanğıc üçün imkan yaradacaq, onların cəmiyyətə inteqrasiyasını sürətləndirəcək və sosial sabitliyə öz töhfəsini verəcək”, - deyə Milli Məclisin deputatı vurğulayıb.