Xankəndi şəhərində yerləşən Xankəndi Ticarət Mərkəzində “Kübar” restoranının açılış mərasimi keçirilib.
Tədbirdə dövlət qurumlarının nümayəndələri, yerli sahibkarlar, Qarabağ Universitetinin rəhbər heyəti və tələbələri, habelə şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Açılış mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin müavini Səbuhi Qəhrəmanov çıxış edərək Qarabağ regionunda sahibkarlıq fəaliyyətinin təşviqinin və yeni biznes təşəbbüslərinin reallaşdırılmasının əhəmiyyətini vurğulayıb. O bildirib ki, regionda sahibkarlıq mühitinin formalaşdırılması üçün əlverişli şərait yaradılır və bu kimi layihələr ərazilərin sosial-iqtisadi inkişafına mühüm töhfə verir. Qeyd olunub ki, “Kübar” restoranının, eləcə də Xankəndi Ticarət Mərkəzinin fəaliyyəti şəhərin sosial-iqtisadi həyatının canlanmasında əhəmiyyətli rol oynayacaq.
“Kübar” restoranının ideya və konsept müəllifi Aytən Məmmədova bildirib ki, layihə funksional yanaşma əsasında formalaşdırılıb. Onun sözlərinə görə, məkanın konseptində co-working masası, canlı musiqi proqramları və müxtəlif sosial ünsiyyət formatları nəzərdə tutulub. Qeyd edilib ki, məqsəd Xankəndidə ailələr, gənclər və tələbələr üçün rahat, səmərəli və çoxistiqamətli sosial mühitin yaradılmasıdır.
Xankəndi Ticarət Mərkəzinin rəhbəri Əhməd Əliyev isə Qarabağın yenidən qurulması prosesində sahibkarların fəal iştirakının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O qeyd edib ki, “Kübar” restoranı həm hotel qonaqlarına xidmət göstərmək, həm də şəhər sakinləri üçün düşünülmüş sosial məkan formalaşdırmaqla xidmət sektorunun inkişafına töhfə verəcək.
Açılış mərasimi çərçivəsində qonaqlara restoranın konsepti təqdim olunub, mətbəxin nümunələri nümayiş etdirilib.
Qeyd edək ki, Xankəndi Ticarət Mərkəzinin birinci mərtəbəsində yerləşən “Kübar” restoranı regionda xidmət və turizm sahələrinin inkişafına töhfə vermək məqsədi daşıyır.