Berlin, 21 dekabr, AZƏRTAC
Bundesliqanın 15-ci turunda “Bayer Leverkuzen” səfərdə “Leyptsiq”in qonağı olub.
AZƏRTAC xəbər verir ki, görüşdə Leverkuzen təmsilçisi 3:1 hesabı ilə qalib gəlib. Bu məğlubiyyətdən sonra “Leyptsiq” bir pillə geriləyərək dördüncü sıraya düşüb. “Bayer Leverkuzen” isə üçüncü yerə yüksəlib. Hər iki komandanın aktivində 29 xal var.
Günün digər oyunlarında “Ştutqart” - “Hoffenhaym” və “Auqsburq” - “Verder Bremen” görüşlərində hesab açılmayıb. “Frayburq” səfərdə “Volfsburq”u (4:3), “Union Berlin” isə “Köln”ü (1:0) məğlub edib. “Hamburq” – “Ayntraxt Frankfurt” görüşündə komandalar hərəyə bir dəfə fərqlənib.
Turun açılış matçında “Borussiya Dortmund” öz meydanında “Borussiya Mönxenqladbax”ın qapısından iki cavabsız top keçirib. Bu qələbə sayəsində xal ehtiyatını 32-yə çatdıran dortmundlular ikinci sıradakı mövqelərini möhkəmləndiriblər.
Tura “Maynts” – “St Pauli” və “Haydenhaym” – “Bavariya” görüşləri ilə yekun vurulacaq.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin