ain.az, Reyting.az saytına istinadən bildirir.
Bu gün Təhsilin İnkişafı Fonduna sədr təyin edilib.
Reyting.az xəbər verir ki, bu barədə Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Nicat Məmmədli bu vəzifəyə gətirilib.
Xatırladaq ki, Nicat Məmmədli 1997-ci ildə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin politologiya ixtisasını, 1999-cu ildə isə BDU-nun (Azərbaycanda siyasi proseslər ixtisası üzrə) magistraturasını fərqlənmə diplomu ilə bitirib. 2002-ci ildə BDU-nun dissertanturasına daxil olub. 2010-cu ildə ABŞ-nin Qərbi İllinoys Universitetinin magistraturasını ictimai siyasət ixtisası üzrə bitirib.
1999-2008-ci illərdə Bakı Dövlət Universitetinin Politologiya və sosiologoya kafedrasında, 2003-2006-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında müəllim işləyib.

Nicat Məmmədli
2005-2007-ci illərdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) Baş Katibi olub. 2006-2007-ci illərdə ABŞ-nin Kolumbiya Universitetində sosial siyasət üzrə universitet müəllimlərinin təkmilləşdirilməsi proqramında iştirak edib. Həmin müddətdə ARGTMŞ-in BMT-nin Nyu-York qərargahındakı təmsilçisi olub.
Nicat Məmmədli 2007-ci ilin iyun-dekabr aylarında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkilinin (Ombudsman) aparatında uşaq hüquqları bölməsinin rəhbəri vəzifəsində çalışıb. 2008-2010-ci illərdə ABŞ-nin Qərbi İllinoys Universitetinin magistraturasında təhsil aldığı müddətdə həmin universitetdə müəllim assistenti işləyib.
2010-2013-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial infrastrukturun idarə edilməsi şöbəsində böyük mühəndis vəzifəsində çalışmış Nicat Məmmədli 2013-2018-ci illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərib.
Nicat Məmmədli 2018-ci ildən Elm və Təhsil Nazirliyində Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri, nazirin müşaviri kimi müxtəlif vəzifələrdə çalışıb.
İki monoqrafiya, 50-dən çox məqalə müəllifidir.
***
Nazirin digər əmrlə Peşə Təhsili üzrə Dövlət Agentliyinə direktor təyin edilib.
Reyting.az-ın məlumatına görə, bu vəzifəyə Elm və Təhsil Nazirliyinin Təhsilin iqtisadiyyatı şöbəsinin müdiri İlqar Bayramlı təyinat alıb.

İlqar Bayramlı
Qeyd edək ki, İlqar Bayramlı 1992-1997-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsində ali təhsil alıb, universiteti fərqlənmə diplomu ilə bitirib. 1997–2001-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunda iqtisadi-riyazi üsullar ixtisası üzrə aspirantura təhsili alıb. Bu dövrdə iqtisadi qərarların modelləşdirilməsi, statistik təhlil və riyazi əsaslandırma sahəsində dərin biliklər əldə edib.
Əmək fəaliyyətinə 2003-cü ildə Azərbaycan Ali Hərbi Məktəbində müəllim kimi başlayıb, daha sonra baş müəllim vəzifəsində çalışıb.
Müxtəlif illərdə “Neftçi” Peşəkar Futbol Klubu MMC-də Maliyyə şöbəsinin rəisi, “Alyans Tekstil” MMC-də direktor, “Capital Motors” MMC-də maliyyə direktorunun müavini və maliyyə direktoru vəzifələrində fəaliyyət göstərib. Bu dövrdə iri təşkilatlarda maliyyə intizamının qurulması, strateji planlaşdırma, xərclərin optimallaşdırılması, investisiya qərarlarının əsaslandırılması və institusional dayanıqlığın təmin edilməsi istiqamətində mühüm nəticələr əldə edib.
Sonrakı mərhələdə 2020-2022-ci illərdə “Təmiz qaz” QSC-də direktorun maliyyə məsələləri üzrə müşaviri, “AzGranata” MMC-də Maliyyə departamentinin rəhbəri, eyni zamanda İdarə Heyəti sədrinin birinci müavini vəzifələrində çalışıb. Bu vəzifələrdə həm maliyyə, həm də icraedici idarəetmə funksiyalarını paralel şəkildə həyata keçirib, strateji qərarların qəbulu və iri kollektivlərin idarə olunması sahəsində təcrübəsini daha da genişləndirib.
2022–2025-ci illərdə Elm və Təhsil Nazirliyində Təhsilin iqtisadiyyatı şöbəsində əvvəlcə müdir müavini, daha sonra şöbə müdiri vəzifələrində çalışıb. Bu dövrdə dövlət təhsil siyasətinin iqtisadi əsaslarının formalaşdırılmasında, təhsil sistemində maliyyə mexanizmlərinin təkmilləşdirilməsində, resursların səmərəli bölgüsündə və strateji sənədlərin hazırlanmasında birbaşa iştirak edib.
2025-ci ilin sentyabr–dekabr aylarında Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri vəzifəsini icra edib. Bu vəzifədə təhsilin inkişafı üçün innovativ və alternativ maliyyə alətlərinin tətbiqi, layihə əsaslı yanaşmaların təşviqi və dövlət–özəl tərəfdaşlığı mexanizmlərinin genişləndirilməsi istiqamətində təşəbbüslərə rəhbərlik edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.