Qvardiolanın Mançesterdə uzun illərdi sahibi olduğu ''Tast'' adlı restoranın bağlanması da onun ayrılacağı ilə bağlı iddiaları artırıb. Hərçənd İngiltərə mətbuatı restoranın bağlanmasının bu məsələ ilə əlaqəli olmadığını vurğulayır. Həmişə qeyri-adi açıqlamalar verməyi xoşlayan ünlü mütəxəssis bu iddiaların fonunda ''Vest Hem'' ilə oyunöncəsi mətbuat konfransında yenə qəribə açıqlamalar verib.
Gələn yay ''Siti''nin başında 10-cu ilini tamamlayacaq Qvardiola ayrılacağı ilə bağlı suala belə cavab verib:
''Mənə tez-tez bu sualı verirlər. Demək olar, hər mövsümün gedişində bu suallarla qarşılaşıram. ''Siti'' yeni məşqçi üçün hazırlıqlı olmalıdı. Mən elə insanam ki, bir də gördün, səhər oyanıb ''gedirəm'' dedim. Müqaviləmin bitməsinə 18 ay qalıb. Hər şey baş verə bilər. Hərçənd bu o demək deyil ki, mən artıq ayrılmağa hazırlaşıram. İşimdən və komandanın indiki durumundan razıyam. İndi ayrılmağımla bağlı heç bir danışıqlar getmir. Sadəcə bunu deyə bilərəm. Hər şeyi öz axarına buraxmışam. Nə olmalıdısa, o da olacaq. Hər halda 75-76 yaşım olanda mütləq ayrılacam. Bu dünyada heç kim əbədi deyil. Futbolda hər şey çox tez dəyişir. İndi məni yalnız ''Vest Hem''lə oyun maraqlandırır. Sonra isə bir neçə gün atamla qolf oynayacam''.