AZ

Professor: Planetin hər 7 sakinindən biri miqrendən əziyyət çəkir

Bakı, 20 dekabr, Göyçək Mahmudlu, AZƏRTAC

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, miqren ən çox rast gəlinən nevroloji patologiyadır. Yer kürəsi əhalisinin 14-15 faizi, yəni planetin hər 7 sakinindən biri həmin xəstəlikdən əziyyət çəkir. Miqrenə qadınlar arasında kişilərə nisbətən 2-3 dəfə çox rast gəlinir. Həmin xəstəlik əmək qabiliyyətinin müvəqqəti itirilməsi sırasında birinci onluğa daxildir.

Bunu AZƏRTAC-a müsahibəsində "Azərbaycan Miqren Mütəxəssisləri" İctimai Birliyinin (AMMİB) sədri, professor Sədaqət Hüseynova deyib.

Professorun sözlərinə görə, qadınlarda miqren hormonal dəyişikliklərlə bağlı olur, mensturasiya, hamiləlik və menopauza xəstəliyin gedişinə əhəmiyyətli təsir göstərir. Xəstəlik, adətən, yeniyetmə dövründə başlayır.

O, qeyd edib ki, miqreni provokasiya edən faktorlar da var. Bu, müxtəlif qida məhsulları, stres, günlük rejimin pozulması və s. ola bilər.

"Miqrenli xəstələrin 1-2 faizində xroniki miqren müşahidə edilir. Xroniki miqren ağrıtutmaları ayda 15 gün və daha çox baş ağrılarının olması ilə xarakterizə edilir. Xəstələrin böyük əksəriyyəti miqrenin ciddiliyini nəzərə almayaraq özünü müalicə ilə məşğul olur, həkimə müraciət etmirlər. Bu da xəstəliyin ciddi fəsadlarına gətirib çıxarır: miqrenoz status, mirenoz insult və s. Hazırda miqrenin diaqnostika və müalicəsində çox böyük yeniliklər var. Tutmaların mexanizminin öyrənilməsi xəstəliyin müalicəsində müəyyən proqreslər əldə etməyə imkan verir. Hazırda miqren tutmalarının aradan qaldırılması üçün bir sıra spesifik preparatlar mövcuddur. Xroniki miqrenin profilaktik müalicəsi üçün də yeni preparatlar arsenala daxil olub. AMMİB-in 1-ci illik beynəlxalq konfransının məqsədi də həmin yeniliklərin həmkarlarımıza çatdırılmasından ibarətdir", - deyə S. Hüseynova vurğulayıb.

Seçilən
89
azertag.az

1Mənbələr