Ankara, 20 dekabr, AZƏRTAC
Türkiyə terrorizmə qarşı mübarizə imkanlarının artırılmasında və ordunun modernləşdirilməsində Suriyaya dəstək verməyə hazırdır.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər 2025-ci ilin yekunlarına həsr olunmuş iclasda bildirib.
O, Suriyaya səfər etdiyini xatırladaraq deyib: “Son həftələr Baş Qərargah rəisi və Quru Qoşunları komandanı da Suriyada olublar. Qonşu ölkənin müdafiə qabiliyyətinə bundan sonra da töhfə verməyin yolları müzakirə edilib. Biz Dəməşqə ordunun hazırlığında kömək göstərməyə hazırıq”.
Yaşar Gülər bildirib ki, Türkiyə ərazisində Suriyanın hərbi qulluqçuları üçün təlimlər davam edir. “Düşünürəm ki, terrorizmlə mübarizədə də Suriyanı dəstəkləməliyik. Bu istiqamətdə işi davam etdiririk”, - deyə o vurğulayıb.
Gürcüstanda “C-130” hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması ilə bağlı nazir xatırladıb ki, bu tip təyyarələr Türkiyə Hərbi Hava Qüvvələrində 1964-cü ildən istifadə olunur: “O vaxtdan bəri oxşar qəzalar baş verməyib. Bunlar hazırda öz sinfində ən təhlükəsiz təyyarələr hesab edilir və 70 ölkədə xidmətdədir”.
Gülər, həmçinin qəzadan sonra Türkiyədə bütün “C-130” təyyarələrinin uçuşlarının dayandırıldığını və texniki nəzarət altına alındığını vurğulayıb. “Bütün yoxlamalar başa çatdıqdan sonra təyyarələr təkrar istifadə olunacaq”, - deyə o diqqətə çatdırıb.
Türkiyənin milli müdafiə naziri qeyd edib ki, TUSAŞ-ın mütəxəssisləri qəzaya uğrayan təyyarənin uçuş məlumatlarını araşdırmaqda davam edirlər. Eyni zamanda, qəza yerinə baş çəkən mütəxəssislər tərəfindən də iş aparılır:“Proses hələ başa çatmayıb. Qəzanın səbəblərinin nə olmasından asılı olmayaraq, ictimaiyyəti tamamilə şəffaf şəkildə məlumatlandırırıq”.
Ankara