AZ

"Plagiat layihələr dövrü tam bağlanıb" - Agentlik sözçüsündən bəzi QHT-lərə sərt ismarıclar

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

- Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-cı il üzrə elan etdiyi qrant müsabiqələrinin cavabları nə vaxt açıqlanacaq?

- Layihələri qalib olan QHT-lərin adları 2026-cı ilin I rübü ərzində elan olunacaq. Hələlik daxil olmuş layihələrin emalı prosesi gedir. Bu günlərdə texniki seleksiya mərhələsi tam başa çatacaq və layihələrin müstəqil ekspertlər tərəfindən qiymətləndirilməsi aparılacaq. Bundan sonra nəticələr hərtərəfli təhlil ediləcək, qaliblər müəyyənləşdiriləcək.

- Ümumilikdə nə qədər layihə daxil olub?

- 2025-ci ildə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi qrant müsabiqələrinə maraq son illərdəki yüksək göstəriciləri də geridə qoyub. Ümumilikdə, Agentliyin elektron sistemində qeydiyyat prosedurlarını düzgün tamamlamış 981 QHT bu il layihə təqdim etmək hüququna malik olub. Bu, indiyədək qeydə alınmış ən yüksək maraq səviyyəsidir. Lakin bu QHT-lərin hamısı layihələrini sistemə sona qədər yükləməyib. Daxil olmuş layihələrin sayı 789 olub.

- Layihələrin kəmiyyəti artdıqca, keyfiyyəti də artırmı?

- 2023-cü ilin sentyabrında yeni müsabiqə qaydalarından və peşəkar yanaşmaların gücləndirilməsindən sonra layihələrin keyfiyyəti xeyli yaxşılaşıb, bu, dönüş nöqtəsi olub, layihələrin ölçüləbilən nəticələri artıb, sistemli təsirləri yaranmağa başlayıb. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2 ildir ki, hər müsabiqədən öncə infosessiyalar təşkil edir, bu görüşlərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul şəxsləri, Agentliyin rəhbərliyi iştirak edir, QHT-lərdən gözləntilər izah edilir, suallar cavablandırılır.

Layihələrin qəbulu üzrə kampaniya 2 ay davam edir. Bu müddətdə ölkədə bütün TV və radiolarda, agentliklərdə, qəzetlərdə elanlar yerləşdirilir, QHT-lərin müsabiqələr barədə məlumatlandırılmaları təmin edilir. Bu sağlam mənzərə QHT sektoru üçün vaxtilə arzu idi, indi reallıqdır. Lakin açıq deməliyik ki, bəzi hallarda bu cür münasibətə adekvat yanaşma müşahidə edilmir. Bu ildən süni intellekt texnologiyalarının Agentlik tərəfindən layihələrin ekspertizasında tətbiqi genişləndirilib. Aşkar olunan bəzi faktlar bizi çox məyus edib. Məsələn, ekologiya istiqamətində fəaliyyət göstərən QHT-lərdən birindən daxil olmuş "Yaşıl düşün, fəal ol!” adlı layihə reklamçılar, gənclər, qadınlarla iş sahəsində digər 3 QHT-nin təqdim etdiyi layihələrlə plagiatlıq təşkil edir. Yaxud adları saxta “orden-medal ticarəti”ndə hallanan, hüquq mühafizə orqanları tərəfindən fəaliyyətləri araşdırılan bəzi QHT-lər layihələri də saxtalaşdırıb, onların təqdim etdiyi müxtəlif layihə mətnləri demək olar ki, sözbəsöz eynidir, “Müharibə əlillərinin cəmiyyətə inteqrasiyası” adlı layihə mətni 3 fərqli QHT-də üzə çıxıb.

“Əbədiyyətin simaları” - Milli və Vətən Qəhrəmanlarının guşələrinin yaradılması” adlı layihənin mətni isə 4 QHT-nin təqdim etdiyi layihələrlə plagiatdır. “Şəhid ailələrinin Xankəndiyə səfərinin təşkili” layihəsi üzrə eyni mətn 9 fərqli QHT-dən daxil olub. “Kür sahilində yaşıl nəfəs”, “Ailə dəyərlərinin qorunmasında media və sosial platformalar”, “Regionlarda qadınların hüquqi müdafiəsinə dəstək”, “Hacıqabul gölünün biomüxtəlifliyi”, “Gələcəyimizi qoruyuruq: zərərli vərdişlərə qarşı maarifləndirmə”, “Məişət zorakılığına yox!” adlı layihələr də bu qəbildəndir. Yaxud hərbi yönümlü QHT-lərdən biri 49 650 manat dəyərində layihə təklifi ilə müraciət edib. “Dövlət babadır, biz də övladı” adlı bu layihənin mətni 8 fərqli QHT ilə, demək olar ki, eynidir, orfoqrafik səhvlər də eyni cümlələrdə edilib.

2025-ci ildə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi müsabiqələr üzrə daxil olmuş 800-ə yaxın layihədən təxminən 200-ündə bu cür tam və ya qismən plagiatlıq aşkar edilib. Dövlət qurumunu aldatmağa cəhd edən QHT-lərin təqdim etdiyi plagiat layihələr texniki seleksiyadan keçməyəcək. Biz yenə də etika naminə bu QHT-lərin adlarını ictimailəşdirmirik, lakin texniki seleksiyadan keçməyən QHT-lərin hər birinə agentlik tərəfindən bu barədə müvafiq elektron sistem üzərindən bildiriş göndəriləcək. Plagiat layihələr dövrü tam bağlanıb, agentlik plagiat layihələrə heç bir vəsait ayırmayacaq. İnfosessiyalarda dəfələrlə bu barədə xəbərdarlıq edilib, indi plagiat layihə təqdim edənlər əməllərinin hansı nəticə verdiyi ilə üzləşməli olublar.

- Layihələrin təhlili başqa hansı neqativ məqamları üzə çıxarır?

Seçilən
52
4
aznews.az

6Mənbələr