Rusiya ordusunun Ukraynanın Odessa bölgəsindəki liman infrastrukturuna raket hücumu nəticəsində 8 nəfərin həlak olduğu, 27 nəfərin isə yaralandığı bildirilib.
"Cebheinfo.az" xəbər verir ki, Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin “Telegram” hesabında yayımlanan yazılı açıqlamada, Rusiyanın Odessa bölgəsinə raket hücumu təşkil etdiyi qeyd olunub.
Açıqlamada Rusiya ordusunun bölgədəki limanı hədəf aldığı və ilkin məlumatlara görə, hücum nəticəsində 8 nəfərin həyatını itirdiyi, 27 nəfərin isə yaralandığı bildirilib. Yaralılardan bəzilərinin hücum zamanı hadisə yerindəki avtobusda olduqları qeyd edilib.
Həmçinin, “Dayanacaqda olan yük maşınları alovlanıb, avtomobillərə də ziyan dəyib” məlumatı verilib. Məlumatda Rusiya ordusunun pilotsuz uçuş aparatları ilə Ukraynanın Mıkolayiv şəhərindəki mülki infrastruktur obyektlərinə də hücum etdiyi bildirilib.
Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının açıqlamasına əsasən, ölkənin müxtəlif bölgələrinə qarşı hava hücumu təhlükəsi hələ də davam edir.