AZ

Tarixçidən Nobel qardaşları haqqında ŞOK detallar: Milyonlarını Bakıdan neçə çıxardılar

Bakıda ilk xarici şirkət Nobel qardaşları-Alfred, Lüdviq və Robert tərəfindən təsis edilib. 1882-ci ildə Lüdviq Finlandiya, İsveç, Norveç və Almaniyadan daha çox texniki işçini Bakıya dəvət edərək, Bakıda “Qara Şəhər” kimi tanınan ərazidə yerləşən Villa Petrolea adlı bir şirkət qurub.
Ölkə.az xəbər verir ki, bu barədə tarixçi alim Zaur Əliyev yazıb.

O qeyd edib ki, Nobel qardaşlarının müəssisəsindən çıxan neft məhsulları qatarla və dəniz yolu ilə Rusiya boyunca Orta Asiya və Avropaya daşınırdı. Bakıdakı “Nobel Qardaşları” şirkətinin loqotipində Suraxanı Atəşgah məbədi təsvir olunub.

Nobel qardaşlarının gəmiləri Zərdüşt, Məhəmməd, Budda, Brahma, Sokrat, Spinoza və Darvin də daxil olmaqla müxtəlif dini və fəlsəfi şəxsiyyətlərin adları ilə adlandırılıb.
1908-ci ildə “Nobel Qardaşları” şirkəti müxtəlif sənaye sahələrini birləşdirən iri kapitalist konserninə çevrilib. Nobellərin neft imperiyasında 25 mindən artıq adam işləyirdi. Tərkibinə əsas kapitalı 150 milyondan çox olan 25 müxtəlif müəssisə daxil idi.

Tarixçi alim yazır ki, Bakıda milyonlar qazanan Nobellərin vəziyyəti 1918-ci ildən pisləşməyə başlayır: “Onlar düşünməyə başlayırlar ki, qazandıqları pulları Bakıdan necə çıxarda bilsinlər. Nəhayət, ağıllarına gəlir ki, pulları qızıla çevirsinlər və onlardan nəzərə çarpmayacaq əşyalar düzəldib Bakıdan apara bilsinlər.

Adi qaydada aparmaq təhlükəli idi. Çünki həmin dövrdə Bakıda baş verən ermənilərin törətdiyi soyqırım və hələ də silahlı erməni dəstələrinin  ortalıqda sərbəst dolaşması, ardınca siyasi proseslər, Qafqaz İslam Ordusunun Bakının xilasına gəlməsi barədə xəbərlər, Şaumyanın başçılığı ilə Bakıda qurulan qondarma hökumət və sairə Nobellərin təhlükəsiz hərəkət edə bilməyəcəyini göstərirdi.

Emmanuel Nobel çıxış yolunu tapır, ən yaxşı zərgərlər və mexaniklər dəvət edilir. Çox sayda qızıl sikkə əridildi. Onlardan böyük palto düymələri, kəmər başlıqları və hətta ayaqqabılar üçün metal dabanlar hazırlamaq üçün istifadə olundu.

Şirkət işçiləri hər biri bir neçə kiloqram qızıl olan köhnəlmiş paltolarla təmin edildilər. Çamadanların metal çərçivələri paslı dəmirə bənzədilmiş qızıl çərçivələrlə əvəz edildi və üzərinə qara rəng çəkildi. Deyilənlərə görə, mühəndislər şəxsi əşyaları kimi özləri ilə apardıqları bəzi iş alətlərini də qızıldan hazırlanmış, üzərinə mazut çəkilərək şübhədən kənar görünməsi üçün açıq şəkildə çantalara qoymuşdular.

O dövrdə kerosin lampaları və primus sobaları vacib əşyalar idi. Nobellər daxili hissələri fitil tutacaqları və üzükləri qızıldan tökülmüş lampalar hazırlatdırırlar.
Lampalar köhnə və çirkli görünməsi üçün hisə verilir. Gedən şəxslərin əşyaları axtarış ediləndə, işçilər əllərini hislə çirkləndirməmək üçün onları kənara qoyurdular, baxmayaraq ki, tək bir lampada 200–300 qrama qədər təmiz qızıl olub.

Şirkətin bir çox işçisi özlərini mühəndislər kimi qələmə verərək üstlərində milyonlarla dəyəri olan qızıl əşyalarla Bakıdan ayrılırlar. Bu “qızıl qaçaqmalçılığı” sayəsində Nobellər var-dövlətlərinin böyük hissəsini xilas edə biliblər.

1920-ci ildə Bakıya daxil olan bolşeviklər bütün neft yataqlarını ələ keçirəndə Nobellərə məxsus zavod və şirkətlərdə seyflərin boş olduğunu görürlər. Onların demək olar ki, bütün əsas sərvətləri artıq İsveçdə idi…”

Mürtəza

Seçilən
49
50
olke.az

10Mənbələr