Dekabrın 19-da Nizami Kino Mərkəzində "AnewZ" Beynəlxalq Televiziyasının araşdırma layihəsi çərçivəsində hazırlanan "The Oligarch's Design" sənədli filminin rəsmi nümayişi keçirilib.
Day.Az xəbər verir ki, təqdimatda Milli Məclisin deputatları, yerli televiziya kanalları və informasiya agentliklərinin rəhbərləri, media nümayəndələri, eləcə də ictimai-siyasi xadimlər iştirak ediblər.
Qeyd olunub ki, sənədli filmin əsas mövzularından biri Ruben Vardanyanın 2022-ci ildə Rusiya vətəndaşlığından imtina edərək bölgəyə köçməsi və tanınmamış separatçı rejimin siyasi müstəvisində fəaliyyətə başlaması prosesidir. Bu mövzu Azərbaycan, Ermənistan və Ukraynada aparılan araşdırmalar, müsahibələr, eləcə də deputatlar, prokurorlar, regional ekspertlər və jurnalistlərin təhlilləri əsasında təqdim edilir.
Eyni zamanda bildirilib ki, "AnewZ Investigations" platforması uzunmüddətli araşdırma jurnalistikasının inkişafını, təsdiqlənmiş faktlara əsaslanan yanaşmanı, hesabatlılığı və güc mexanizmlərinin ictimai nəzarətdən kənarda necə işlədiyinin daha dərindən izahını əsas prioritet kimi müəyyənləşdirir.
"AnewZ" Beynəlxalq Televiziyasının baş redaktoru Qay Şoun çıxışında filmin dörd əsas istiqamətdən ibarət olduğunu deyib. Onun sözlərinə görə, birinci fəsil maliyyə arxitekturasına həsr olunub və Böyük Britaniya, Litva və ABŞ-da aparılan araşdırmalar əsasında "Troyka" sistemi çərçivəsində ofşor strukturların, vasitəçi bankların və "qabıq" şirkətlərin fəaliyyəti təhlil edilir. İkinci fəsil xeyriyyəçilik və humanitar təşəbbüslərə fokuslanır, çəkilişlər əsasən Böyük Britaniyada, qismən isə Ermənistanda aparılıb və xeyriyyə narrativlərinin siyasi və mədəni elitlərlə əlaqəsini nümayiş etdirir. Üçüncü fəsil Ukraynada müharibə şəraitində hazırlanıb, Rusiya işğalı fonunda logistika, sanksiyalar və maliyyə şəbəkələri araşdırılır. Dördüncü və yekun fəsil isə Cənubi Qafqaza qayıdır və Azərbaycanla Ermənistanda aparılan çəkilişlər vasitəsilə xarici maliyyə və siyasi mexanizmlərin regional siyasi və təhlükəsizlik mühitinə təsirini ortaya qoyur.
Baş redaktor əlavə edib ki, filmin bütün fəsilləri eyni prinsip əsasında qurulub: ekran əsəri faktları və konteksti təqdim edir, lakin tamaşaçıya hazır nəticə diktə etmir.
Daha sonra qonaqlara "The Oligarch's Design" sənədli filmi nümayiş etdirilib.
Film xeyriyyəçilik, maliyyə arxitekturası və məqsədli şəkildə formalaşdırılmış narrativlər vasitəsilə siyasi təsirin necə yaradıldığını araşdırır.
Eyni zamanda ekran işində "Aurora Foundation" mövzusuna da yer ayrılıb, müxtəlif ölkələrdən tanınmış şəxslərin iştirak etdiyi platformanın nümayəndələri ilə müsahibələr təqdim olunub.
Araşdırma açıq mənbələr üzrə kəşfiyyat məlumatlarına (OSINT), eləcə də əvvəlki beynəlxalq araşdırmaların nəticələrinə əsaslanır. Həmin materiallarda ofşor strukturlar üzərindən milyardlarla dolların dövriyyəyə cəlb olunduğu "Troika Laundromat" maliyyə şəbəkəsi təsvir edilir və beynəlxalq araşdırma qurumlarının dərc etdiyi məlumatlar filmin faktoloji bazasını təşkil edir.