AZ

“Bu sənədin heç bir hüquqi əsası yoxdur” – Deputat

“Avropa Parlamentinin Azərbaycanla bağlı qətnamə qəbul etməsinin heç bir hüquqi əsası yoxdur. Biz AP üzvü deyilik, üzv olmaq üçün müraciət rəmi etməmişik. Bu baxımdan hesab edirəm ki, AP-nin üzv olmayan ölkə ilə bağlı qətnamə qəbul etməsi düzgün deyil”. Bunu Ajans.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. O bildirib ki, digər tərəfdən, qərara səs verənlərin böyük əksəriyyəti Azərbaycanda olmayıblar, Azərbaycan reallığı ilə tanış deyillər: “Sadəcə görünür bu siyasi sifarişdir və buna uyğun hərəkət edirlər. Azərbaycan Avropa dəyərlərinə böyük hörmətlə yanaşır və dövlət quruculuğunda inkişaf etmiş demokratik Avropa ölkələrinin təcrübəsindən istifadə edir. Azərbaycan Avropa ilə əməkdaşlıqda maraqlıdır, bu gün Azərbaycan elektrik enerjisi 4 Avropa ölkəsinə, Azərbaycan qazı Avropanın bir çox ölkələrinə nəql edilir. Amma çox təəssüf ki, AP-nin bir qrup üzvü nədənsə Azərbaycan haqqında həmişə neqativ bir mövqe ortaya qoyur.

Onları dəvət edirəm ki, gəlib Azərbaycan reallığı ilə, rastlaşdığımız tarixi problemlərlə, işğaldan azad edilmiş ərazilərdə apardığımız işlərlə tanış olsunlar. Ümid edirəm ki, gec-tez ölkəmizlə bağlı obyektiv fikrə gələcəklər”.

Seçilən
96
Ajans.az

1Mənbələr