AZ

Deputat: Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi qərəzli və obyektivlikdən uzaqdır

ain.az, Apa.az saytına istinadən bildirir.

Avropa Parlamentinin dekabrın 18-də Azərbaycanla bağlı qəbul etdiyi qətnamə qərəzli və obyektivlikdən tamamilə uzaqdır.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov bildirib.

Deputat deyib ki, həmin sənəd konkret və real faktlara əsaslanmır və anti-Azərbaycan mövqeyi ilə tanınan dairələrin sifarişli məlumatları əsasında hazırlanıb: “Azərbaycanda heç kəs siyasi baxışlarına, elmi fəaliyyətinə və ya ifadə azadlığına görə təqib olunmur. Qətnamədə adı çəkilən şəxslər barəsində istintaq və məhkəmə prosesləri Azərbaycan Respublikasının Konstitusiyasına, milli qanunvericiliyə və beynəlxalq hüquq normalarına tam uyğun şəkildə aparılıb. Onların məsuliyyətə cəlb edilməsi konkret cinayət əməlləri ilə bağlıdır və bu proseslərin “siyasi motiv” kimi təqdim edilməsi tamamilə əsassızdır. Avropa Parlamentinin məhkəmə proseslərini siyasiləşdirməsi, hüquq-mühafizə və məhkəmə orqanlarının fəaliyyətinə müdaxilə cəhdi qəbuledilməzdir. Xüsusi olaraq vurğulamaq istərdim ki, Avropa Parlamenti uzun illər işğal altında qalmış Azərbaycan ərazilərində törədilmiş ağır cinayətlərə, etnik təmizləməyə və mədəni irsin məhv edilməsinə biganə qaldığı halda, bu gün ölkəmizə qarşı ikili standartlara əsaslanan mövqe sərgiləyir. Bundan başqa Avropa Parlamentinin qeyri-obyektivliyini təsdiqləyən faktlardan biri odur ki, bu təşkilat ötən müddət ərzində itkin düşmüş 4000-dək yaxın azərbaycanlının taleyinə biganə yanaşıb”.

Soltan Məmmədov qeyd edib ki, Azərbaycan müstəqil dövlətdir və heç bir xarici qurumun daxili işlərinə müdaxilə cəhdini qəbul etmir: “Ölkəmiz hüquqi dövlət prinsiplərinə sadiqdir və insan hüquqlarının qorunması sahəsində beynəlxalq öhdəliklərini davamlı şəkildə yerinə yetirir. Bu kimi qərəzli və reallıqdan uzaq qətnamələr Avropa Parlamenti ilə Azərbaycan arasında konstruktiv dialoqa zərbə vurur və təşkilata olan etimadın sarsılmasına səbəb olur.”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
31
1
apa.az

2Mənbələr