Ağcabədidə yaşanan maraqlı bir “aqrar hüquq” nümunəsi haqda xəbər vermişdik. Məsələnin mahiyyəti bu idi ki, Xocavənddən məcburi köçkün düşmüş Əbülfət Hüseynovun 40 ilə yaxın qanuni istifadə etdiyi örüş sahəsi onun əlindən alınıb Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini Toğrul Bünyadovun birbaşa iştirakı ilə “kommersant” İqbal Abdullayev təhvil verilməsinə cəhd göstərilir. “Ağcabədidə örüşü kəndlidən alıb icra hakimiyyətinə yaxın “kommersant”a veriblər QALMAQAL” sərlöhvəli yazıya Ağcabədi İcra Hakimiyyətindən operativ reaksiya verildi. Xahiş olundu ki, mövqelərini bildirmək üçün rəsmi sorğu ilə müracət ünvanlayaq.
Ağcabədi İcra Hakimiyyətinə göndərdiyiniz sorğunu təqdim edirik:
1.1992-ci ildən Xocavənd rayonundan məcburi köçkün düşmüş, Ağcabədi rayonunda yerləşən fermada məskunlaşaraq özünəməşğulluq fəaliyyəti qurmuş Əbülfət Hüseynovun həmin ərazidən çıxarılması barədə qərar qəbul edilib. Bu qərar qəbul edilərkən Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 01.07.2004-cü il tarixli, 298 nömrəli sərəncamı nəzərə alınıbmı?
Məlumat üçün bildiririk ki, həmin sərəncama əsasən “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın 2-ci bəndinə əsasən aidiyyəti dövlət orqanlarının rəhbərlərinə tapşırılıb ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdanadək, həmçinin müvəqqəti yaşamaq məqsədi ilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılmalarına yol verilməsin.
Bununla bağlı aşağıdakı suallara cavab verilməsini xahiş edirik:
- Əbülfət Hüseynov alternativ torpaq sahəsi və ya ərazi ilə təmin edilibmi?
- Ona yeni yer rəsmi qaydada təklif olunubmu?
2. Məlumdur ki, Əbülfət Hüseynov 2019-cu ildən etibarən şifahi və yazılı formada dəfələrlə Ağcabədi Rayon İcra Hakimiyyətinə müraciət edib. Məhkəmə qərarından da göründüyü kimi, o, 2022-ci ildə icarə müddətinin uzadılması ilə bağlı rəsmi müraciət ünvanlayıb. Həmin müraciətə cavab olaraq ona ərazidə Aqropark salınacağı, bu səbəbdən alternativ yer veriləcəyi və ya kompensasiya ödəniləcəyi bildirilib. Lakin sonradan məlum olub ki, qeyd olunan ərazidə Aqropark salınmayıb və torpaq sahəsi fermer kimi qeydiyyatı olmayan İqbal Abdullayevə verilib. Bu faktla bağlı mövqeyinizi açıqlamağınızı xahiş edirik.
3. Qanunvericiliyin tələblərinə əsasən, kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin icarəyə verilməsi zamanı Kənd Təsərrüfatı Nazirliyinin və Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin rəyi olmalıdır. Mövcud məlumatlara əsasən, ərazi İqbal Abdullayevə verilərkən Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin rəyi olduğu halda, Kənd Təsərrüfatı Nazirliyinin rəyi olmayıb. Bu hal qanun pozuntusu hesab edildiyindən, məsələ ilə bağlı mövqenizi bildirin.
4. Musavat.com saytına təqdim edilmiş videofaktdan görünür ki, Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini Toğrul Bünyadovun iştirakı ilə kotanlı traktor məcburi köçkün Əbülfət Hüseynovun isstifadəsində olan əraziyə salınıb və təxminən 2 hektara yaxın örüş torpağında əkin aparılması haqda məlumat var. Qanunvericiliyə əsasən, örüş torpaqlarında əkin aparılması qadağandır. Videolardan isə görünür ki, Ağcəbədi İcra Hakimiyyəti başçısının müavini örüş sahəsində əkin aparılmasına şahidlik edir, lakin hər hansı bir etiraz bildirmir. Başçı müavinin hərəkətsizlik etməsinin, vəzifəsinə zidd mövqe tutmasının səbəbi nədir?
5. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə əsasən, torpaq sahələrinin icarəyə verilməsi məqsədilə keçirilən hərrac və ya müsabiqələrdə həmin torpaqdan əvvəl istifadə etmiş şəxsin (əvvəlki icarəçinin) üstünlük hüququ mövcuddur. Bu baxımdan aşağıdakı məsələlərə aydınlıq gətirilməsini xahiş edirik:
- Sözügedən torpaq sahəsi üzrə icarə müsabiqəsi keçirilərkən əvvəlki istifadəçi və faktiki icarəçi olmuş Əbülfət Hüseynov müsabiqədə iştirak etmək üçün rəsmi qaydada dəvət edilibmi?
- Əgər dəvət edilməyibsə, bunun hüquqi əsasları nədən ibarət olub?
Sorğu hələ ki, Ağcabədi İcra Hakimiyyətindən cavablandırılmayıb.
Qeyd edək ki, Əbülfət Hüseynov iddia edib ki, 2024-cü ildə İcra Hakimiyyəti ona torpağın bir hissəsində pambıq əkməsini tapşırıb: “Əgər örüşdə əkin aparmaq qanunsuz idisə, Kənd Təsərrüffatı Nazirliyinin elektron sistemində necə qeydiyyata alınıb, İcra Hakimiyyəti həmin vaxt buna niyə susub? Örüş torpağını əkmək qadağandırsa, bunu edən icra hakimiyyətinin nümayəndəsi hansı maddə ilə məsuliyyətə cəlb olunacaq? Yox əgər qadağan deyilsə, onda Əbülfət Hüseynovun torpağı niyə əlindən alınır? Heyvandarlıqla məşğul olan kəndlinin, yoxsa 1 keçisi belə olmayan “kommersant”ın? Əbülfət Hüseynov deyir ki, məsələ ilə bağlı məhkəməyə müraciət edib və məhkəmə Ağcabədi Rayon İcra Hakimiyyətinin bu torpaq sahəsinə müdaxiləsini qadağan edən qərar çıxarıb. Qərar qanuni qüvvəyə minib. Amma görünən odur ki, məhkəmə qərarı İqbal Abdullayevə maneə deyil. Ağcabədi İcra Hakimiyyəti, İqbal Abdullayev Azərbaycan məhkəməsinin qərarını sadəcə saymırlar. Bu ölkədə məhkəmə qərarları torpaqda şumla birlikdə basdırılır, yoxsa sadəcə bəzi məmurlar üçün kağız parçasıdır?”
Xatırladaq ki, Əbülfət Hüseynov yuxarı instansiyalardan, ölkə rəhbərliyindən kömək istəyib.